Dünya · Modern.az

Sizi məyus edəcəm sülhü uzatmaq olmaz - Mirzoyan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sizi məyus edəcəm sülhü uzatmaq olmaz - Mirzoyan
Sizi məyus edəcəm sülhü uzatmaq olmaz - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanması, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və TRIPP layihəsi ilə bağlı məsələlərə münasibət bildirib.

Modern.az xəbər verir ki, A.Mirzoyan bu barədə parlamentdə hökumət saatı zamanı “Güclü Ermənistan” fraksiyasının deputatı Areqa Ovanesyanın suallarını cavablandırarkən danışıb.

O, rəsmi Bakının Konstitusiya ilə bağlı mövqeyindən danışaraq, Azərbaycanın bunu danışıqlarda birbaşa şərt kimi irəli sürmədiyini, lakin sazişin imzalanması məsələsi gündəmə gələndə Konstitusiyanın dəyişdirilməsini istədiyini deyib.

Nazir sülhün təxirə salınmasından danışmağın düzgün olmadığını bildirərək, Ermənistanla Azərbaycan arasında artıq uzun müddətdir sülh şəraitinin mövcud olduğunu iddia edib.

“Sizi məyus edəcəyəm: sülhü təxirə salmaq mümkün deyil, çünki sülh artıq uzun müddətdir mövcuddur. Sərhəddə yaşayanlarla əlaqəniz varsa və ya yaxınlarınız orduda xidmət edirsə, onlar sizə sülhün olduğunu deyəcəklər”, - deyə Mirzoyan bildirib.

O əlavə edib ki, sülh şəraiti o dərəcədə formalaşıb ki, ticarət əlaqələri qurulub və Azərbaycan ərazisi ilə yüklərin daşınması həyata keçirilir.

Mirzoyanın sözlərinə görə, sülh sazişinin imzalanması da təxirə salınmır. Ermənistan hökuməti sənədin imzalanacağı yer və vaxtın müəyyənləşdirilməsi üçün danışıqlara mümkün qədər tez başlamağa hazır olduğunu dəfələrlə bəyan edib.

Nazir bildirib ki, hakimiyyətin səlahiyyət müddəti başa çatanadək, yəni 2027-ci ilədək sazişin imzalanmasını təmin etməyə hazırdır. Onun sözlərinə görə, bu, 2026-cı ilin sonlarında da, 2027-ci ildə də baş verə bilər.

Bununla yanaşı, Mirzoyan Azərbaycanın sülh sazişinin imzalanmasını müəyyən bir məsələ ilə əlaqələndirdiyini təsdiqləyib.

“Danışıqlar zamanı bunu şərt kimi irəli sürmürlər. Lakin sazişin imzalanması məsələsi gündəmə gələndə deyirlər ki, Konstitusiyanızı dəyişin. Bunu açıq şəkildə tələb etmirlər, amma bu məqamı nəzərə almaq lazımdır”, - deyə o bildirib.

Deputat Areqa Ovanesyan bunun elə şərtin özü olduğunu vurğulayıb. Mirzoyan isə açıq şəkildə şərt irəli sürməklə həmin tələb yerinə yetirilməyənədək prosesi davam etdirmək istəməmək arasında fərq olduğunu deyib.

“Deyirlər ki, bu, sizin öz işinizdir, amma bunu etməyənədək sazişi imzalamayacağıq”, – deyə Ermənistanın xarici işlər naziri bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑