Aktual · Modern.az

Səhiyyədə vahid idarəetmə tibbi xidmətlərin əlçatanlığını artıracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səhiyyədə vahid idarəetmə tibbi xidmətlərin əlçatanlığını artıracaq
Səhiyyədə vahid idarəetmə tibbi xidmətlərin əlçatanlığını artıracaq

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi qurumun fəaliyyətinə dair fərqli qiymətləndirmələri gündəmə gətirib. Sabiq deputat Vahid Əhmədov TƏBİB-in yaradılmasını əvvəldən yanlış qərar saydığını bildirir. Milli Məclisin deputatı Pərvanə Vəliyeva isə qurumun keçid dövründə üzərinə düşən missiyanı tamamladığını düşünür.

Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Deputat Pərvanə Vəliyeva isə Modern.az-a açıqlamasında TƏBİB-in fəaliyyətini fərqli qiymətləndirib. O bildirib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi səhiyyədə mühüm institusional dəyişiklik olub. Məqsəd yalnız maliyyələşmə mexanizmini yeniləmək deyil, əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırmaq, maliyyə maneələrini azaltmaq və mövcud resurslardan daha səmərəli istifadə etmək idi.

Deputatın sözlərinə görə, əvvəlki sistemdə tibb müəssisələrinin maliyyələşdirilməsi xidmətlərin həcmini və keyfiyyətini artırmaq üçün kifayət qədər stimul yaratmırdı. İcbari tibbi sığorta isə vəsaitlərin vahid fondda toplanmasına, müəyyən edilmiş xidmətlərə yönəldilməsinə və tibb müəssisələrinin göstərdikləri xidmətlər əsasında maliyyələşdirilməsinə zəmin yaradıb.

“TƏBİB-in yaradılması bu islahatın digər mühüm tərəfini – səhiyyə xidmətlərinin idarə olunmasını təmin etdi. Yeni yanaşmada ailə həkimi və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktikaya daha çox diqqət ayrılması nəzərdə tutulurdu. TƏBİB keçid dövrünün operativ idarəçisi kimi missiyasını tamamladı və vahid strateji sistemin tərkib hissəsinə çevrilməsi mərhələsinə keçdi”, – deyə Pərvanə Vəliyeva vurğulayıb.

Deputat hesab edir ki, yeni qərarın əhəmiyyəti tabelik dəyişikliyi ilə məhdudlaşmır. Əsas gözlənti məsuliyyət bölgüsünün aydınlaşması, qurumlar arasında koordinasiyanın güclənməsi və vətəndaşın tibbi xidmətə çıxışının asanlaşmasıdır.

“Bəzi xəstəliklərin müalicəsi ilə bağlı xidmətlər iki qurum arasında bölünmüşdü. Bu da həm idarəetmədə, həm də məlumatların toplanmasında çətinliklər yaradırdı. Vətəndaş bəzən hansı məsələyə görə hansı quruma müraciət etməli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirdi”, – o bildirib.

Pərvanə Vəliyevanın fikrincə, vahid idarəetmə tibbi xidmətlərin təşkili, dərman və avadanlıq təminatı, eləcə də kadr hazırlığı üzrə qərarların daha əlaqəli qəbuluna imkan verməlidir.

Deputat vurğulayıb ki, dəyişikliklərin əsas nəticəsi vətəndaşın gündəlik həyatında hiss olunmalıdır:

“Yeni islahatın məqsədi idarəetmədə səmərəliliyi artırmaq, vətəndaş üçün daha əlçatan, keyfiyyətli və nəticəyönümlü tibbi xidmət təmin etməkdir. Əsas hədəf vətəndaş məmnunluğunun yüksəlməsidir”.

Vahid Əhmədov isə bildirib ki, səhiyyənin ayrı-ayrı strukturlar arasında bölünməsinə vaxtilə parlamentdə də etiraz edib:

“Milli Məclisdə bu məsələ müzakirə olunanda fikrimi bildirmişdim. Demişdim ki, səhiyyəni parçalamaq olmaz. İndi də hesab edirəm ki, TƏBİB özünü doğrultmadı. Səhiyyə vahid sistem kimi fəaliyyət göstərməlidir. Çünki söhbət insanların həyatından və sağlamlığından gedir”.

Vahid Əhmədov Prezidentin qərarını səhiyyədə vahid idarəetmənin təmin olunması baxımından mühüm addım hesab edir. Onun fikrincə, bundan sonrakı nəticələr Səhiyyə Nazirliyinin həyata keçirəcəyi islahatlardan asılı olacaq.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑