Avropa Komissiyası Ukraynanın 2027-ci ildə üzləşəcəyi 70 milyard avroluq maliyyə çatışmazlığını aradan qaldırmaq üçün ilin sonuna qədər razılıq əldə etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqının daha əvvəl Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro kredit ayırmasına baxmayaraq, Kiyevin əlavə 70 milyard avroya ehtiyacı yaranıb.
Həmin vəsaitin 40 milyard avrosunun hərbi xərclərə, 30 milyard avrosunun isə dövlət büdcəsindəki kəsirin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Brüssel çatışmayan vəsaitin təmin edilməsi üçün Kanada, Yaponiya, Böyük Britaniya və ABŞ-dan əlavə maliyyə dəstəyi almağa çalışır.
Bununla yanaşı, dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsinə yönəldilməsi məsələsinin müzakirələrdən kənarda qalacağı ehtimal olunur. Buna əsas səbəb həmin aktivlərin böyük hissəsinin yerləşdiyi Belçikanın bu təşəbbüsə etiraz etməsidir.
Avropa Komissiyasının noyabrda keçiriləcək sammitə qədər mümkün maliyyələşdirmə mexanizmlərini hazırlayacağı gözlənilir.






