Bu gün İsraildə parlament seçkiləri keçirilir. Baş nazir Benyamin Netanyahu hakimiyyətdə qalmaq uğrunda mübarizə aparır. Seçkilərin nəticəsi ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək. Lakin heç bir siyasi düşərgənin parlamentdə çoxluq qazana bilməməsi yeni siyasi böhrana səbəb ola bilər.
Modern.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, oktyabrın 27-də keçirilən seçkilərdə 7,3 milyondan çox vətəndaşın səsvermə hüququ var. Seçicilər İsrail parlamentinin – Knessetin 120 deputatını müəyyənləşdirəcəklər.
İsrail Mərkəzi Seçki Komissiyası 38 partiya siyahısını təsdiqləsə də, seçkilərdə faktiki olaraq 37 siyahının mübarizə aparacağı gözlənilir. Oktyabrın 19-da İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Beni Qantsın rəhbərlik etdiyi “Kaxol-Lavan” partiyası sorğularda parlament baryerini keçə bilmədiyi üçün seçkilərdə iştirak etməmək qərarı verib.
İsraildə hökumət qurmaq üçün Knessetdə ən azı 61 deputatın dəstəyini qazanmaq lazımdır.
Netanyahuya əsas rəqiblər kimlərdir?
Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası seçkilərə 2022-ci ildə qurulan koalisiyanın tərəfdaşları ilə qatılır. Həmin koalisiyada milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi “Otsma Yehudit”, maliyyə naziri Betsalel Smotriçin təmsil olunduğu “Dini Sionizm – Zehut”, Arye Derinin rəhbərlik etdiyi “Şas” və ultraortodoksal “Birləşmiş Tövrat Yəhudiliyi” partiyaları yer alır.
Lakin son illərdə koalisiya daxilində fikir ayrılıqları yaranıb. Ben-Qvirin partiyası Qəzzada atəşkəsə görə 2025-ci ilin yanvarında koalisiyanı tərk etsə də, iki ay sonra geri qayıdıb. “Birləşmiş Tövrat Yəhudiliyi” isə ultraortodoksal yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı mübahisələrə görə həmin ilin iyulunda hökumətdən ayrılıb.
Netanyahunun əsas rəqiblərindən biri İsrail ordusunun keçmiş Baş Qərargah rəisi, mərkəzçi “Yaşar!” partiyasının lideri Qadi Eyzenkotdur. O, 2023-cü ilin oktyabrından sonra Netanyahunun hərbi kabinetinə müşahidəçi kimi daxil olsa da, hərbi məsələlərlə bağlı fikir ayrılıqlarına görə 2024-cü ilin iyununda Beni Qantsla birlikdə hökuməti tərk edib.
Müxalifətin digər mühüm siyasi qüvvəsi keçmiş baş nazir Naftali Bennet və müxalifət lideri Yair Lapidin yaratdığı “Birlikdə” alyansıdır. 2021-ci ildə onların rəhbərlik etdiyi sağ, mərkəzçi və sol partiyalardan, eləcə də ərəb Raam partiyasından ibarət koalisiya Netanyahunu hakimiyyətdən uzaqlaşdırmışdı. Həmin hökumət təxminən il yarım fəaliyyət göstərmişdi.
Müxalifət düşərgəsinə, həmçinin Aviqdor Libermanın rəhbərlik etdiyi “Bizim Evimiz İsrail” və Yair Qolanın təmsil olunduğu sol-mərkəzçi “Demokratlar” partiyaları daxildir.
Mənsur Abbasın rəhbərlik etdiyi Raam və “Birləşmiş Siyahı” ərəb siyasi qüvvələrini təmsil edir.
Netanyahu 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunun qarşısını ala bilməməsi, Qəzzada aparılan hərbi əməliyyatlar və ölkənin təhlükəsizlik siyasətinə görə ciddi tənqidlərlə üzləşib. Buna görə də seçki kampaniyasının əsas mövzuları milli təhlükəsizlik, hökumətin məsuliyyəti, korrupsiya ittihamları və ölkənin gələcək idarəçilik modeli olub.
Seçkilərin nəticəsi nəyi dəyişə bilər?
İsraildə proporsional seçki sistemi tətbiq olunur. Ölkə vahid seçki dairəsi hesab edilir və seçicilər ayrı-ayrı namizədlərə deyil, partiyaların siyahılarına səs verirlər. Parlamentə düşmək üçün partiyalar səslərin ən azı 3,25 faizini toplamalıdır.
Seçkidə ən çox səs toplayan partiyanın lideri avtomatik olaraq baş nazir olmur. Hökumətin formalaşdırılması üçün siyasi qüvvələr arasında koalisiya razılaşması əldə edilməlidir.
Heç bir blok 61 mandat qazana bilməsə, hökumət qurmaq üçün mürəkkəb danışıqlar aparılacaq. Razılıq əldə olunmadığı təqdirdə Netanyahu müvəqqəti baş nazir kimi fəaliyyətini davam etdirə, ölkədə isə növbədənkənar seçkilər keçirilə bilər.
Bu prosesdə ərəb partiyalarının qazandığı mandatlar da əhəmiyyətli rol oynaya bilər.
Netanyahu hakimiyyətdə qala biləcəkmi?
Benyamin Netanyahu İsrail tarixində ən uzun müddət baş nazir vəzifəsini tutan siyasətçidir. O, ilk dəfə 1996-cı ildə, 46 yaşında hökumətə rəhbərlik edib. 1999-cu ildə Ehud Baraka seçkiləri uduzduqdan sonra 2009-cu ildə yenidən hakimiyyətə qayıdıb və 12 il baş nazir olub.
2021-ci ildə Naftali Bennet və Yair Lapidin qurduğu koalisiya Netanyahunu hakimiyyətdən uzaqlaşdırsa da, o, 2022-ci ilin dekabrında yenidən baş nazir postuna qayıdıb.
Oktyabrın 21-də 77 yaşı tamam olan Netanyahu İsrail tarixində baş nazirliyə namizəd olan ən yaşlı siyasətçi kimi seçkilərə qatılır.
Netanyahunun çətin siyasi vəziyyətlərdən çıxmaq bacarığına görə İsrail mediası hələ 1990-cı illərdə ona “sehrbaz” ləqəbi vermişdi. Baş nazirin keçmiş müşaviri Mark Regev sentyabrda onun yenidən qalib gələ biləcəyini söyləyərək “O, həmişə papaqdan dovşan çıxarır” ifadəsini işlədib.
Bununla belə, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu hökumətin təhlükəsizlik siyasətinə dair ciddi suallar yaradıb. Müxalifət və həlak olanların yaxınları hücumun başvermə şəraitini və hökumətin məsuliyyətini araşdırmaq üçün müstəqil dövlət komissiyasının yaradılmasını tələb edirlər.
Netanyahu həmçinin rüşvət, dələduzluq və etimaddan sui-istifadə ittihamları ilə bağlı məhkəmə prosesi ilə üzləşib. O, ittihamları rədd edir. Baş nazir 2025-ci ilin noyabrında İsrail prezidenti İshak Hersoqa əfv olunması üçün müraciət edib. Müraciətlə bağlı qərar verilməyib.
Beynamin Netanyahunun siyasi üstünlüklərindən biri müxalifətin vahid lider ətrafında birləşməməsidir. Sentyabrda “dəyişiklik düşərgəsi”nin liderləri hökumət formalaşana qədər bir-birlərinə qarşı hücumlardan çəkinmək barədə razılığa gəliblər.
Onlar ultraortodoksal yəhudilərin hərbi xidmətə çağırılması, oktyabrın 7-də baş verənlərin araşdırılması üçün dövlət komissiyasının yaradılması, baş nazirin səlahiyyət müddətinin məhdudlaşdırılması və Konstitusiyanın hazırlanması məsələləri üzrə işçi qrupları yaratmaq barədə də razılaşıblar. İsraildə vahid yazılı Konstitusiya yoxdur, onun funksiyasını Əsas qanunlar toplusu yerinə yetirir.
Sorğular müxalifətin üstünlüyünü göstərir, amma çoxluq yoxdur
![]()
İsrailin 12-ci kanalının son sorğusuna əsasən, respondentlərin 44 faizi Qadi Eyzenkotu baş nazir vəzifəsinə ən uyğun siyasətçi hesab edir. Netanyahuya üstünlük verənlərin payı isə 38 faizdir. Əvvəlki sorğu ilə müqayisədə aradakı fərq 11 faiz bəndindən 6 faiz bəndinə enib.
Eyni sorğunun parlament mandatları ilə bağlı nəticələri belədir:
“Yaşar!” – 23 mandat;
“Likud” – 21 mandat;
“Birlikdə” alyansı – 15 mandat;
“Demokratlar” – 10 mandat;
“Şas”, “Bizim Evimiz İsrail” və “Otsma Yehudit” – hər biri 8 mandat;
“Birləşmiş Tövrat Yəhudiliyi” – 7 mandat;
Smotriçin bloku – 6 mandat.
Ərəb partiyalarının birlikdə 14 mandat qazana biləcəyi proqnozlaşdırılır. Bunun 9 mandatının “Birləşmiş Siyahı”, 5 mandatının isə Raam tərəfindən əldə ediləcəyi gözlənilir.
Sorğuya əsasən, hazırkı hakim koalisiya 50, müxalifətin dörd sionist partiyası isə 56 mandat qazana bilər. Bu rəqəmlər heç bir düşərgənin təkbaşına hökumət qurmaq üçün tələb olunan 61 mandata çatmadığını göstərir.
Ekspertlərin fikrincə, seçkinin nəticəsinə seçici fəallığı ciddi təsir göstərə bilər. Müxalifət tərəfdarlarının fəallığı yüksək olarsa, parlamentdə çoxluq qazanmaq və ya azlıq hökuməti yaratmaq imkanları arta bilər.
Ərəb seçicilərin iştirakı da mühüm amildir. Sorğular ərəb partiyalarına 12–15 mandat proqnozlaşdırır. Lakin ərəb seçiciləri arasında faktiki iştirak səviyyəsi bəzən sorğularda səs verəcəyini bildirənlərin göstəricisindən aşağı olur.
Xaricdə yaşayan İsrail vətəndaşlarının mövqeyi də nəticəyə təsir edə bilər. İsrail qanunları ölkə xaricində qiyabi səsverməyə imkan vermir, buna görə də səs vermək istəyən vətəndaşlar ölkəyə gəlməlidirlər. Bu seçicilər arasında həm Netanyahu tərəfdarları, həm də onun əleyhdarları var.
Hökumət qurmaq niyə çətinləşə bilər?
Sorğulara uyğun nəticə qeydə alınarsa, heç bir siyasi blok parlamentdə tələb olunan 61 mandatı əldə edə bilməyəcək. Müxalifət düşərgəsi bu həddə çatmaq üçün təxminən beş əlavə mandata ehtiyac duyacaq.
Mümkün variantlardan biri azlıq hökumətinin yaradılmasıdır. Lakin belə bir hökumət Knessetdə səsvermələr zamanı ərəb partiyalarının mövqeyindən asılı ola bilər. Bunun üçün ərəb deputatlarının hökumətə dəstək verməsi və ya bəzi səsvermələrdə bitərəf qalması tələb oluna bilər.
Müxalifət daxilində bu məsələyə vahid yanaşma yoxdur. Eyzenkot müxalifət 58–59 mandat əldə edərsə, azlıq hökuməti yaratmaq ehtimalını mümkün sayır. Bennet və Lapid isə ərəb deputatlarının dəstəyindən və ya bitərəfliyindən asılı olmayan “sionist hökumət” qurulmasını istəyirlər.
Liberman azlıq hökumətinə qarşı çıxır və son variant kimi yeni seçkilərin keçirilməsinə üstünlük verir. O, alternativ olaraq Netanyahunun iştirakı olmadan “Likud” deputatlarının hökumətə cəlb edilməsini də təklif edir.
Digər variant “Likud”un ultraortodoksal müttəfiqləri ilə razılaşmaqdır. “Birləşmiş Tövrat Yəhudiliyi”nin bəzi deputatlarının Eyzenkot hökumətinin yaradılmasına mane olmayacaqları barədə məlumatlar yayılıb. Bu mövqenin səbəblərindən biri Netanyahunun yeşiva tələbələrinin hərbi xidmətdən azad olunmasını təmin edəcək qanunu qəbul etməməsi ilə bağlı narazılıqdır. “Şas” partiyasının rəhbəri isə belə qanun qəbul edilmədən yeni hökuməti dəstəkləməyəcəklərini bildirib.
Nəzəri baxımdan başqa bir variant “Likud” və “Yaşar!” partiyalarının iştirakı ilə geniş koalisiya yaratmaq və baş nazir postunu növbəli şəkildə bölüşdürməkdir. Lakin Eyzenkot Netanyahu ilə eyni hökumətdə işləməyəcəyini bildirib.
Ekspertlərin fikrincə, heç bir siyasi blokun çoxluq əldə edə bilməməsi və yeni növbədənkənar seçkilərin keçirilməsi mümkün ssenarilərdən biridir. Müxalifət azlıq hökuməti yaratmağa nail olsa belə, onun uzun müddət fəaliyyət göstərməsi çətin ola bilər.
Hakimiyyət dəyişsə, İsrailin xarici siyasəti necə dəyişəcək?
Ekspertlər müxalifətin hakimiyyətə gələcəyi təqdirdə İsrailin xarici siyasətində köklü dəyişikliklər gözləmirlər. Onların fikrincə, əsas fərq məqsədlərdən daha çox həmin məqsədlərə çatmaq üsullarında ola bilər.
İsraildə HƏMAS-ın məhv edilməsi və “Hizbullah”ın tərksilah olunması kimi məsələlər müxtəlif siyasi qüvvələrin gündəliyində qalır. Eyni zamanda, İranla bağlı məsələlərdə ABŞ-la danışıqlar aparmaq zərurəti də davam edə bilər.
Ekspertlərin qiymətləndirməsinə görə, yeni hökumət formalaşarsa, İsrailin xarici siyasət ritorikası müəyyən qədər yumşala və müttəfiqlərin mövqeyinə daha çox diqqət yetirilə bilər. Bununla belə, ölkənin təhlükəsizliyinin təmin olunmasına yönələn ümumi siyasətin əsas istiqamətlərinin dəyişməyəcəyi ehtimal edilir.
Seçkilərin nəticəsi Netanyahunun siyasi gələcəyi ilə yanaşı, İsraildə növbəti hökumətin hansı qüvvələrin iştirakı ilə formalaşacağını da müəyyənləşdirəcək. Lakin heç bir düşərgənin parlamentdə çoxluq qazana bilməməsi ölkəni yenidən siyasi dalana və növbədənkənar seçkilərə apara bilər.
A.Qorxmaz


