Fransanın “Les Lyceens!” və “Renouveau lyceen” adlı şagird təşkilatları baş nazir Sebastyan Lekornü ilə görüşdən sonra oktyabrın 31-də və noyabrın 5-də etiraz aksiyalarını davam etdirməyə çağırıblar.
Modern.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Bir ay davam edən etirazlardan sonra hökumət müəyyən güzəştlərə gedib. Elan edilən tədbirlər arasında Parcoursup platformasının mərhələli şəkildə dəyişdirilməsi də var: 2027-ci ildə platforma yenidən qurulacaq, 2028-ci ildə isə yeni sistemlə əvəz olunacaq.
Bundan əlavə, universitetlərdə, əsasən BTS (ali təhsilin qısa peşə yönümlü proqramları), IUT (texnologiya universiteti institutları) və tibb ixtisasları üzrə 15 min əlavə yer açılması və təhsilin ikinci ilində siniflərdə şagird sayının 28 nəfərlə məhdudlaşdırılması vəd edilib.
“Biz müəyyən qədər nəyəsə nail olduq... Amma bütün tələblərimiz yerinə yetirilməyib və sona qədər mübarizə aparacağıq”, — deyə “Le Figaro” “Les Lyceens!” təşkilatının vitse-prezidenti Lui Letublonun sözlərini sitat gətirib.
“Cachan 94” etiraz hərəkatının nümayəndəsi Klement Veyiyo bildirib ki, etirazçılar tələb etdikləri ilə müqayisədə yalnız “qırıntılar” əldə ediblər.
Hökumət etirazçılara məktəb və universitetlərin təmiri üçün 5 milyard avro həcmində planı da həyata keçirməyi vəd edib. Bu məbləğin 1 milyard avrosu universitetlərə, 4 milyard avrosu isə regionlara veriləcək kreditlər vasitəsilə kollec və liseylərin təmirinə yönəldiləcək.
Fransanın daxili işlər naziri Loran Nünyez oktyabrın 31-də “genişmiqyaslı səfərbərlik günü” gözlənildiyini bildirib. Hakimiyyət orqanları yeni aksiyalara hazırlaşır, həmkarlar ittifaqları isə noyabrın 5-nə ümummilli tətil təyin ediblər.





