Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov mənimsəmə və vəzifə cinayətlərində təqsirləndirilərək həbs ediliblər.
Məsələ ilə bağlı Modern.az-a danışan, Milli Məclisdə Qubanı təmsil edən deputat Əlibala Məhərrəmzadə Rəşid Orucovla şəxsi tanışlığının olmadığını bildirib.
Deputatın sözlərinə görə, kompleksdə yalnız tədbirlərdə iştirak edib və direktorun fəaliyyəti barədə məlumatı olmayıb:
“Onunla tanışlığım olmayıb. Qubadakı Olimpiya İdman Kompleksində yalnız tədbirlərdə iştirak etmişəm. Komplekslə birbaşa iş əlaqəm olmayıb. Onun fəaliyyətindən də xəbərim olmayıb. Ancaq haqqında irəli sürülən ittihamlar ciddidir”.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində araşdırma aparılıb.
Hər iki şəxs haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə dəymiş ziyanın yarım milyon manatdan çox olduğu bildirilir.
