Rusiya və Ermənistan arasında dəmir yollarının idarə olunmasına dair konsessiya müqaviləsinin icrası müzakirə edilib.
Modern.az xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozyorov Ermənistan hökumətinin nümayəndələri ilə görüşdən sonra “Sputnik Ermənistan”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşdə Rusiyanın Ermənistan dəmir yollarının idarəçiliyi üzrə konsessiya hüquqlarının saxlanılması məsələsi gündəmə gətirilməyib.
“Biz konsessiya müqaviləsinin icrasını müzakirə etdik. Müqavilə icra olunur və birgə işləmək barədə razılığa gəldik”, – deyə Belozyorov vurğulayıb.
Şirkət rəhbəri danışıqların yaxşı nəticələndiyini qeyd edərək Ermənistan tərəfinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu dövlətə məxsus olsa da, onun idarəçiliyi Rusiyanın “Rusiya Dəmir Yolları” şirkətinin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolu”na konsessiya əsasında verilib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yollarının idarə olunması üzrə konsessiya hüquqlarının Rusiya və Ermənistan üçün məqbul olan üçüncü ölkəyə ötürülməsi təklifini səsləndirmişdi. Paşinyan bu mövqeyini Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarının beynəlxalq investorlar və yükdaşıyıcılar üçün yaratdığı risklərlə əlaqələndirmişdi.
Məsələ Azərbaycan–Ermənistan nəqliyyat əlaqələrinin bərpası baxımından da diqqət çəkir. Belə ki, iki ölkə arasında dəmir yolu kommunikasiyalarının açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının təmin edilməsi regional gündəliyin mühüm istiqamətlərindəndir.





