ABŞ Konqresinin hər iki partiyasını təmsil edən senatorlar prezident Donald Tramp administrasiyasını Rusiyadan dizel yanacağı almaq planından dərhal imtina etməyə çağırıblar. Onların fikrincə, bu addım ABŞ qanunvericiliyinə ziddir.
Modern.az xəbər verir ki, bu barədə oktyabrın 12-də “Associated Press” agentliyi məlumat yayıb.
Müraciəti altı senator imzalayıb. Onların arasında respublikaçılar Syuzan Kollinz, Tom Tillis və Liza Murkovski, eləcə də demokratlar Cin Şahin və Riçard Blumental var.
Qanunvericilər Ağ Evin qərarla bağlı Konqreslə məsləhətləşməməsindən və qanunvericiliyin tələb etdiyi əsaslandırmanı təqdim etməməsindən narazıdırlar.
Sənəddə bildirilir: “Konqres açıq şəkildə bəyan edib ki, Rusiya Ukraynaya qarşı münaqişəni dayandırana və NATO müttəfiqlərimizi təhdid etməkdən əl çəkənə qədər ABŞ Rusiyadan neft idxal etməməlidir”.
Almaniyanın “Berliner Zeitung” qəzeti oktyabrın 10-da yazıb ki, Trampla Rusiya Prezidenti Vladimir Putin arasında dizel yanacağı ilə bağlı razılaşma Avropa İttifaqının sanksiya strategiyasına zərbə vurub və Qərbin artıq Rusiyaya qarşı vahid cəbhə kimi çıxış etmədiyini göstərib.
Tramp oktyabrın 9-da Putinlə telefon danışığı zamanı Rusiyanın ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı tədarük etməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, noyabrda əlavə 500 min ton, bundan sonra isə daha 1 milyon ton yanacağın tədarükü nəzərdə tutulur.
ABŞ Maliyyə Nazirliyinin ümumi lisenziyasına əsasən, Vaşinqton Rusiya mənşəli dizel yanacağının satışı, tədarükü, boşaldılması və idxalı ilə bağlı əməliyyatlara 2027-ci il aprelin 7-dək icazə verib.
Rusiya hökuməti də dizel yanacağının ixracına qoyulmuş qadağanı qismən yumşaltmaq qərarı qəbul edib.





