İqtisadiyyat · Modern.az

Bakıda mənzil qiymətləri artıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda mənzil qiymətləri artıb
Bakıda mənzil qiymətləri artıb

Bu ilin oktyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində 14 %-lik artım müşahidə olunub.

Bu barədə Moden.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.

"Ən böyük artım Səbail rayonunda qeydə alınıb – 21,8 %. Yasamal rayonunda bahalaşma 20,4 %, Xətaidə 18,6 % təşkil edib. Nəsimidə qiymətlər 17,4 %, Nərimanov rayonunda 17,2 %, Nizamidə 16 %, Binəqədidə isə 14 % yüksəlib. Qalan rayonlarda artım nisbətən aşağı olub. Belə ki, Suraxanıda 9,8 %, Sabunçuda 9,8 %, Pirallahıda 7,4 %, Xəzərdə 6 %, Qaradağda isə 5,4 % artım müəyyən edilib", - məlumatda deyilir.

AQC-nin hesablamalarına görə, yeni tikili mənzillərdə qiymət yüksəlişinə yeni layihələrin coğrafi mövqeyi, tikintinin keyfiyyəti, infrastruktur imkanları, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin təklif etdiyi şərait, həmçinin müasir mənzillərə artan tələbat təsir edir.

Köhnə tikili mənzillər seqmentində isə Bakı şəhərində orta qiymət artımı 10,8 % olaraq müəyyən edilib.

"Bu kateqoriyada ən böyük bahalaşma Səbail rayonunda – 20,5 %, Yasamalda – 19,9 %, Nəsimidə – 15,9 %, Nərimanovda isə 14 % olub. Xətai rayonunda köhnə tikili mənzillərin dəyəri 12,6 %, Suraxanıda 11,8 %, Sabunçuda isə 11,1 % artıb. Qaradağda yüksəliş 5,3 %, Pirallahıda 5,2 %, Xəzərdə 6,3 %, Binəqədidə isə 6,9 % səviyyəsində qeydə alınıb", - hesabatda bildirilir.

AQC-nin 2026-cı ilin oktyabr ayına aid araşdırmasının nəticələri Bakı şəhərinin rayonları arasında mənzil qiymətləri baxımından əhəmiyyətli fərqlərin olduğunu ortaya qoyur. Aparılan təhlilə görə, orta qiymət göstəricisi üzrə ən yüksək rəqəm Səbail rayonunda – 4 256 manat, ən aşağı rəqəm isə Pirallahı rayonunda – 1 474 manat olub.

Maksimum qiymət göstəriciləri üzrə Nəsimi rayonu 6 742 manatla birinci yerdə qərarlaşıb. Eyni göstərici Səbaildə 6 259 manat, Nərimanovda isə 5 218 manat təşkil edib. Minimum qiymətlər baxımından isə ən yüksək hədd Nəsimidə 2 977 manat, ən aşağı hədd isə Pirallahıda 1 037 manat olaraq qeydə alınıb.

Orta qiymət göstəricilərinə nəzər saldıqda, Səbail və Nəsimi rayonlarından sonra Nərimanov (3 978 manat), Yasamal (3 452 manat), Xətai (3 427 manat) və Sabunçu (3 319 manat) rayonları sıralanır. Bakı şəhəri üzrə rayon göstəricilərinin ümumi orta həddi maksimum qiymətlərdə 3 981 manat, orta qiymətlərdə 2 905 manat, minimum qiymətlərdə isə 1 989 manat olub.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑