"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Real Madrid"lə görüşdə komandasının yol verdiyi səhvləri etiraf edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis son nəticələrin məyusedici olduğunu və futbolçuların çıxış səviyyəsini yüksəltməli olduqlarını bildirib.
AS nəşrinin yaydığı məlumata əsasən, Flik Madrid təmsilçisinin bu dəfə əvvəlki "El-Klasiko"larla müqayisədə daha yaxşı təsir bağışladığını söyləyib.
Almaniyalı çalışdırıcı qarşılaşmanın gedişatını şərh edərkən "Barselona"nın rəqibə qol imkanları yaratdığını, hesabı bərabərləşdirməyə nail olsa da, sonradan yenidən səhvə yol verdiyini qeyd edib. O, komandasının meydanda öz potensialını tam göstərə bilmədiyini vurğulayıb.
Flikin fikrincə, ikinci hissədə "Barselona" oyunda fəallığını artıraraq rəqibə çətin anlar yaşadıb. Lakin futbolçuların diqqəti itirməsi buna mane olub. Baş məşqçi hücum imkanlarının olmasına baxmayaraq, oyunçular arasındakı anlaşmanın da qənaətbəxş olmadığını bildirib.
"Barselona"nın bir həftə ərzində PSJ və "Real Madrid"ə uduzmasına toxunan Flik bu nəticələrin həm onu, həm də azarkeşləri məyus etdiyini deyib. Bununla belə, o, məğlubiyyətləri futbolun bir hissəsi kimi qəbul etməyin və vəziyyətdən çıxış yolu tapmağın vacibliyini qeyd edib.
Qeyd edək ki, "Barselona" 2023-cü ildən bəri ilk dəfə doğma meydanda "Real Madrid"ə məğlub olub. Bu, komandanın cari mövsüm İspaniya çempionatında ilk, bütün turnirlər üzrə isə ikinci yenilgisi kimi qeydə alınıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)


