"Trabzonspor"un qış transfer planları ilə bağlı diqqətçəkən iddia yayılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin "Tottenhem" klubunda çıxış edən braziliyalı hücumçu Rişarlisonun nümayəndəsinin Türkiyə təmsilçisi ilə əlaqə quraraq rəhbərliklə görüşmək istədiyi bildirilir.
Məlumata əsasən, futbolçunun agenti mümkün transfer məsələsini müzakirə etmək üçün "Trabzonspor" rəsmilərindən görüş istəyib. Rişarlisonun adı hələ yay transfer dövründə də Türkiyə klubu ilə yanaşı çəkilsə də, həmin vaxt tərəflər arasında razılıq əldə olunmamışdı.
Agentin son müraciətindən sonra braziliyalı oyunçunun yenidən "Trabzonspor"un transfer gündəminə daxil olub-olmayacağı sual doğurur. Bununla belə, hazırda keçidin reallaşması ilə bağlı konkret razılaşma barədə məlumat yoxdur.
Tomas Reysin rəhbərlik etdiyi komanda yanvar ayı üçün heyətini gücləndirmək istiqamətində işləri davam etdirir. Klubun əsas hədəfləri sırasında mərkəz yarımmüdafiəsi, müdafiənin mərkəzi, hücum və sağ cinah müdafiəsi mövqelərinə yeni oyunçular cəlb etmək yer alır.
"Trabzonspor"un diqqətində olan futbolçulardan biri də Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Abdoulaye Doumbiadır. Məlumata görə, klub nümayəndələrinin bu həftə İsveçin "Hacken" komandası ilə danışıqlar aparması gözlənilir. Türkiyə təmsilçisinin transfer siyahısında yer alan Eddi Doue ilə bağlı da müsbət nəticə əldə etmək üçün çalışmaların davam etdiriləcəyi qeyd olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)



