Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyan İrəvan meri vəzifəsinə iddialıdır. O, hazırda bu postu tutan partiyadaşı Tiqran Avinyanı əvəzləmək niyyətindədir.
Milli.Az xəbər verir ki, "Joxovurd" qəzeti hakimiyyət dairələrindəki mənbələrinə istinadən Simonyanın növbəti mer olmaq istədiyini yazıb.
Nəşrin məlumatına görə, Simonyan yaxın ətrafına növbəti İrəvan merinin özü olacağını bildirib. O, şəxsi reytinqinin hazırkı mer Tiqran Avinyanın göstəricilərindən yüksək olduğunu düşünür. Simonyan namizədliyinin irəli sürülməsi üçün hakim "Vətəndaş Müqaviləsi" partiyasının idarə heyətinin dəstəyini qazanmağa ümid edir.
Tiqran Avinyan isə mer postunu qoruyub saxlamaqda qərarlıdır. Qəzetin yazdığına görə, hazırkı mer Simonyanın partiya daxilində namizədliyinə lazımi dəstəyi ala bilməyəcəyini düşünür.
Beləliklə, hakim partiya daxilində İrəvan merliyi uğrunda mümkün rəqabət gündəmə gəlib. Bununla belə, hələlik namizədlərlə bağlı rəsmi qərar açıqlanmayıb.
Qeyd edək ki, Tiqran Avinyan 2023-cü ilin oktyabrından İrəvanın meridir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)





