Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanla məşğul olur və uzun məsafələrə piyada gəzir.
Lakin toy mərasiminə az qalmış həkimlər onun düz bağırsağında bədxassəli şiş aşkarlayıblar. Xəstəyə təcili cərrahi müdaxilənin zəruri olduğu bildirilib.
Həkimlərin sözlərinə görə, belə hallarda əməliyyatdan sonrakı ağırlaşmaların qarşısını almaq məqsədilə xəstələrə müvəqqəti stoma qoyulması tələb oluna bilər. Bu zaman bağırsağın çıxışı qarın divarına yönəldilir və nəcis xüsusi torbada toplanır.
Lakin 83 yaşlı qadın yaxınlaşan toyuna görə stoma qoyulmasından qəti şəkildə imtina edib. Bundan sonra cərrahlar alternativ üsuldan istifadə etmək qərarına gəliblər. Onlar azinvaziv əməliyyat həyata keçirərək bədxassəli toxumaları təbii yolla xaric ediblər. Əməliyyat uğurla başa çatıb. Qadının stoma daşımasına ehtiyac qalmayıb və o, yaxşı fiziki vəziyyətdə evə buraxılıb.
Həkimlərin göstərdiyi qayğıdan təsirlənən 83 yaşlı qadın isə ona ikinci şans verən bütün cərrahları toyuna dəvət edəcəyinə söz verib.



