Gündəm · Konkret.az

Yemək gündəliyi ilə tarixə düşən rəssam | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yemək gündəliyi ilə tarixə düşən rəssam | KONKRET xəbəri üçün şəkil

Romada, məşhur “Skuderie del Kvirinale” sərgi kompleksində İtaliya İntibahının ən qeyri-adi rəssamlarından biri olan Yakopo Pontormoya (1494–1557) həsr edilmiş sərgi açılıb.

Bu rəssam nüfuzlu Mediçilər ailəsinin himayəsindən yararlanır, Mikelancelonun eskizləri əsasında əsərlər yaradır, xəstəliklərdən qorxur, həzminin vəziyyətini diqqətlə izləyir və arzuolunmaz qonaqlardan xilas olmaq üçün olduqca orijinal üsula əl atırdı: evinə qalxan pilləkəni sadəcə yığışdırırdı.

Ən azı, onun ilk bioqrafı Corco Vazari belə iddia edirdi. Bununla belə, pilləkən Pontormonun yeganə qəribəliyi deyildi.

O, heç vaxt evlənməmişdi. Sevgi macəraları haqqında tarixə dəqiq məlumatlar gəlib çatmayıb. Amma onun yemək vərdişləri barədə Florensiya hersoqlarının bir çoxunun şəxsi həyatından daha çox məlumatımız var.

Pontormo nüfuzlu sifarişlər alırdı, lakin uğurlu və varlı sənətkar həyatına can atmırdı. Vazarinin yazdığına görə, bəzən imkanlı sifarişçilərdən imtina edir, əvəzində maddi vəziyyəti daha zəif olan insanların təkliflərini qəbul edirdi. Görünür, hələ o dövrdə də öz rahatlığını puldan üstün tutan insanlar var idi.

1523-cü ildə Florensiyada taun tüğyan edəndə rəssam şəhərdən kənarda yerləşən kartuzian monastırına sığındı. Lakin orada da işləməyə davam edərək dini mövzulu tablolar və freskalar yaratdı.

Təxminən 1533-cü ildə isə baş vermiş bir hadisə, sözün əsl mənasında, italyan komediyasının süjetinə çevrilə bilərdi.

Mikelancelo çılpaq Venera və Amuru təsvir edən bir rəsm hazırlamışdı. Pontormo həmin eskiz əsasında Florensiyalı bankir Bartolomeo Bettini üçün tablo çəkdi. Bankir əsəri yataq otağını bəzəmək üçün nəzərdə tutmuşdu ki, bu da tablonun məzmununa tam uyğun gəlirdi.

Lakin əsəri hersoq Alessandro Mediçinin adamları gördülər. Beləcə, Venera bankirin yataq otağına deyil, hersoqun sarayına yollandı.

Sonralar kimsə qərara gəldi ki, sevgi ilahəsi bədəninin həddindən artıq çox hissəsini nümayiş etdirir. Nəticədə onun çılpaqlığı sonradan çəkilmiş parça təsviri ilə örtüldü.

Yalnız XIX əsrdə bərpaçı həmin əlavə örtüyü aradan qaldırdı.

Beləliklə, üç əsr ərzində Veneranı sifarişçisinin əlindən aldılar, geyindirdilər, sonra isə yenidən soyundurdular. Bütün bunlar isə Mikelancelo və Pontormonun birlikdə ərsəyə gətirdiyi bir əsərin başına gəlmişdi.

Rəssamın gündəliyi: Mikelancelo deyil, yumurta və kələm

Ən maraqlı hadisələr isə Pontormonun 60 yaşı tamam olanda və gündəlik tutmağa başlayanda baş verdi.

İncəsənət tarixçiləri üçün bu gündəlik əvəzsiz mənbədir. Elə düşünmək olardı ki, nəhayət, böyük sənətkarın gözəllik, Tanrı, Mikelancelo və Avropa sivilizasiyasının taleyi haqqında düşüncələrini öyrənəcəyik.

Amma Pontormonu daha çox gündəlik qayğılar maraqlandırırdı.

O, neçə yumurta yediyini, nə vaxt kələm, nə vaxt qoyun əti qəbul etdiyini, gecə yaxşı yatıb-yatmadığını, başının gicəllənib-gicəllənmədiyini və mədəsinin necə işlədiyini qeyd edirdi.

Bəzən bu qeydlərin arasında qəfildən böyük freskalar üçün növbəti fiqur üzərində işlədiyini yazırdı. Ardınca isə yenidən yumurta, kələm və səhhəti haqqında qeydlər gəlirdi.

Bir dəfə 16 lirəyə kreslo aldığını yazmışdı. Başqa bir gün Toskananın Radda bölgəsindən şərab gətirildiyini qeyd etmişdi.

Hersoq Kozimo Mediçi və onun həyat yoldaşı Eleonora Toledolu da rəssamın qonaqları arasında idi. Pontormo onların gəlişini diqqətlə qeydə almışdı, lakin bu səfərlərə növbəti naharı haqqında yazdığından elə də artıq əhəmiyyət verməmişdi.

Başqa bir dəfə isə onun üçün alınan mal ətinin keyfiyyətindən şikayətlənmişdi. Rəssamın fikrincə, ət o qədər yararsız idi ki, hətta itlər belə onu yeməzdilər.

Üstəlik, alış-verişə göndərilən adamın yaxşı tikəni özünə saxladığından şübhələnirdi.

İnsan təbiətinin qüsurlarına dözümlü yanaşan biri üçün bu, bəlkə də, bağışlana biləcək hadisə idi. Amma Pontormo, görünür, keyfiyyətsiz mal ətini bağışlamağa hazır deyildi.

Dünən haqqında danışdığımız Marsilio Fiçinonu xatırlayaq. Pontormo artıq Florensiya filosofunun melanxoliya, sağlamlıq və yaradıcılıq istedadı haqqında fikirlərinin İntibah dövrünün intellektual mühitinin bir hissəsinə çevrildiyi zamanda yaşayırdı.

Rəssamın yemək, yuxu və səhhətlə bağlı bitib-tükənməyən qeydlərlə dolu qəribə gündəliyi də sanki həmin ənənənin davamı idi.

Tənha dahi, yoxsa sadəcə küsəyən insan?

Müasir tədqiqatçılar hesab edirlər ki, Vazari Pontormonun insanlardan uzaq durmasını bir qədər şişirdib.

Rəssamın dostları vardı, qonaq gedir, xoş şirkətdə nahar edir, hətta bağçılıqla məşğul olurdu. Evinin yaxınlığında şaftalı ağacları yetişdirir, səhərlər sərinlikdə oturmağı sevirdi.

Onun ən yaxın adamlarından biri şagirdi Ancelo Bronzino idi. Bronzino sonralar özü də məşhur rəssama çevrildi.

Pontormo yıxılıb əlini zədələyəndə Bronzino onu öz evinə apardı. Onlar birlikdə nahar edir, bir-birlərinə baş çəkir, bəzən də mübahisə edirdilər.

Bir dəfə Bronzino müəllimini onun evinə elə gəlməkdə qınamışdı ki, sanki bura düşmən evi idi.

Pontormo bu incikliyi səliqə ilə gündəliyinə yazdı.

Amma özü də küsəyən adam idi. 1555-ci ilin yayında gənc köməkçisi Battista axşam evdən çıxmış, müəlliminin xəstə olduğunu yaxşı bildiyi halda gecəni geri qayıtmamışdı. Altmış yaşlı Pontormo bundan o qədər incimişdi ki, gündəliyinə belə yazmışdı: “Bunu ona heç vaxt bağışlamayacağam”.

Təsəvvür edin: Florensiyanın ən mühüm sifarişlərini alan, Mediçilərin kilsəsini bəzəyən, İntibahın böyük ustaları ilə eyni səviyyədə dayanan bir rəssam axşam evində oturub gənc köməkçisinin onu xəstə halda qoyub əylənməyə getməsindən ötrü dərd çəkir.

Bununla belə, Pontormonun özünün də davranışı həmişə qüsursuz deyildi.

Bir dəfə Bronzino və başqa tanışları onun yanına gəlmişdilər. Qapını döymüş, ev sahibini axtarmışdılar. Lakin Pontormo qapını açmamışdı. Sonra isə gündəliyində onların nə üçün gəldiklərini bilmədiyini yazmışdı.

Beləliklə, qəribə mənzərə yaranır: Pontormo tək qoyulanda inciyirdi, amma özü də bəzən qapını açmamağa üstünlük verirdi.

Bununla belə, o, həyatdan zövq almağı bacaran insan idi. Bronzinonun evində qonaq olanda yaxşı ət, balıq və şərabdan imtina etmirdi. Evində isə, deyəsən, hər şey yenə kələmlə başa çatırdı.

İntibahın qaydalarını pozan rəssam

Bütün bunları xatırlayarkən unutmamalıyıq ki, Pontormo sadəcə Florensiyanın qəribə xasiyyətli sakini deyil, öz dövrünün ən böyük yenilikçilərindən biri idi.

Rəssamların ahəngdarlığa, aydın proporsiyalara və insan bədəninin mükəmməl gözəlliyinə can atdığı bir dövrdə Pontormo sanki qərara gəlmişdi ki, dünyada harmoniya onsuz da kifayət qədərdir.

O, insan fiqurlarını uzadır, çəhrayı, mavi və yaşılın qeyri-adi çalarlarını birləşdirir, insanları sanki havada süzürmüş kimi təsvir edir, məkanı isə yuxunu xatırladan bir aləmə çevirirdi.

Bunun ən parlaq nümunələrindən biri Florensiyadakı Santa-Feliçita kilsəsinin Kapponi kapellasında yerləşən “Məsihin çarmıxdan endirilməsi” əsəridir.

Tablodakı insanlar sanki yerə basmır, boşluqda dövrə vururlar. Onların üzlərində dərin kədər var, lakin kompozisiyanın bütövlüyü eyni zamanda gözəl və narahatedici bir yuxunu xatırladır.

Məhz beləliklə, maniyerizm yarandı. Bu üslubda İntibahın ənənəvi harmoniyası öz yerini gərginliyə, zərifliyə, mürəkkəb kompozisiyalara və qeyri-adi gözəlliyə verirdi.

Son böyük əsər və itirilmiş freskalar

Pontormo ömrünün son on ilini Florensiyadakı San-Lorenso kilsəsində nəhəng freskalar üzərində işə həsr etdi.

Bu, Mediçilərin himayəsi altında bir rəssamın əldə edə biləcəyi ən möhtəşəm sifarişlərdən biri idi.

Lakin Pontormo olduqca qapalı şəkildə işləyirdi. Yarımçıq rəsmlərə kənar şəxslərin daxil olmasına icazə vermirdi. Rəvayətlərdən birinə görə, maraqdan alışıb-yanan gənc rəssamlar hətta damdan içəri keçməyə cəhd etmişdilər.

Görünür, yığışdırılan pilləkən haqqında əhvalat florensiyalılar üçün dərs olmamışdı.

Pontormo Mikelancelonun möhtəşəm freskaları ilə rəqabət apara biləcək bir əsər yaratmaq istəyirdi. Amma işin son nəticəsini görmək ona qismət olmadı.

Rəssam 1557-ci ilin yanvarında vəfat etdi. Yarımçıq qalan işi onun sadiq dostu və şagirdi Bronzino davam etdirdi. Mənbələrdən birinə görə, Bronzino müəlliminin təsvirini göylərə yüksələn ruhların arasında yerləşdirmişdi.

Bəlkə də, bu, onların kiçik mübahisələrinə, incikliklərinə və anlaşılmazlıqlarına verilə biləcək ən gözəl cavab idi.

Amma tale amansız davrandı.

Pontormonun freskaları birmənalı qarşılanmadı. Bəziləri onlara heyran qaldı, digərləri isə anlamadı. XVIII əsrdə kilsənin yenidən qurulması zamanı həmin rəsmlər məhv edildi.

Rəssamın ömrünün son illərini həsr etdiyi möhtəşəm əsərdən yalnız hazırlıq eskizləri, müasirlərinin təsvirləri və sonrakı dövrlərə aid məlumatlar qaldı.

Amma onun gündəliyi qorunub saxlanıldı.

Həmin gündəlik ki, Pontormo orada axşam nə yediyini, mədəsinin nə vaxt ağrıdığını, kreslonun neçəyə başa gəldiyini və Battistaya niyə incik düşdüyünü yazırdı.

Bəzən bu qeydlərin kənarında rəssam gələcək freskaları üçün kiçik insan fiqurları da çəkirdi. Ola bilsin ki, məhz həmin rəsmlər gündəliyin əsrlər boyu qorunub saxlanmasına kömək edib.

Taleyin istehzasına baxın: Pontormonun illərlə yad gözlərdən gizlədərək yaratdığı freskalar əbədi olaraq yoxa çıxdı. Kələm, keyfiyyətsiz mal əti və incimiş rəssam haqqında qeydləri isə təxminən beş əsr yaşadı.

Bəlkə də, tarix bəzən böyük sənətkarları ən möhtəşəm əsərləri ilə deyil, onların ən insani, ən qəribə və ən gündəlik tərəflərini açan xırda qeydlərlə yaşadır.

Pontormo isə bunun ən maraqlı nümunələrindən biridir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑