Şəkildə: Qaliley Roma inkvizisiyası qarşısında. Rəssam: Kristiano Banti, 1857-ci il.
Qalileo Qalileyin yezuit ordeni ilə münasibətləri əvvəlcə qarşılıqlı etiraf və dostluq şəraitində formalaşsa da, sonradan kəskin elmi və şəxsi qarşıdurmaya çevrildi. Bu münaqişə 1633-cü ildə baş tutan və tarixə düşən inkvizisiya məhkəməsinin əsas səbəblərindən birinə çevrildi.
XVII əsrdə yezuitlər Katolik Kilsəsinin ən güclü intellektual qüvvələrindən biri hesab olunurdu. Onların Romadakı Kollegiyası riyaziyyat və astronomiya sahəsində Avropanın nüfuzlu elmi mərkəzlərindən idi. Qaliley öz kəşflərinin elmi dairələrdə və kilsə rəhbərliyində qəbul olunması üçün məhz bu alimlərin dəstəyinə ehtiyac duyurdu.
Bəs Qaliley və yezuitlər arasında mübahisələr nədən qaynaqlanırdı? Maraqlıdır ki, onların elmi qarşıdurması bir deyil, bir neçə fərqli məsələni əhatə edirdi.
Günəş ləkələri uğrunda mübahisə
1610-cu illərdə Qaliley və alman yezuit alimi Kristof Şayner bir-birindən asılı olmayaraq Günəşdə ləkələr müşahidə etdilər. Bu kəşf tezliklə onların arasında elmi üstünlük və kəşfin müəllifliyi uğrunda ciddi mübahisəyə səbəb oldu.
Şayner Aristotelin səma cisimlərinin qüsursuz və dəyişməz olması haqqında təsəvvürlərini müdafiə edirdi. Onun fikrincə, Günəşdə görünən ləkələr əslində onun ətrafında fırlanan kiçik peyklər və ya planetlər idi. Bu cisimlər Günəşin qarşısından keçərək ləkə təsiri yaradırdı.
Qaliley isə teleskopik müşahidələr əsasında sübut etməyə çalışırdı ki, həmin ləkələr Günəşin öz səthində və ya atmosferində yerləşir. Onların forması və mövqeyi zamanla dəyişir. Bu müşahidələr həm də Günəşin öz oxu ətrafında fırlandığını göstərirdi.
Bu mübahisədə Qalileyin mövqeyi elmi baxımdan doğru çıxdı. Onun müşahidələri Aristotelin səma cisimlərinin dəyişməzliyi haqqında təsəvvürlərinə ciddi zərbə vurdu.
Kometa mübahisəsi: Qaliley bu dəfə yanılırdı
1618-ci ildə səmada üç parlaq kometa peyda oldu. Roma Yezuit Kollegiyasının riyaziyyat professoru Orazio Qrassi bu hadisə ilə bağlı elmi traktat nəşr etdirdi. O, teleskopik müşahidələrə və paralaks metoduna əsaslanaraq kometaların Aydan daha uzaqda yerləşdiyini irəli sürdü.
Maraqlıdır ki, bu məsələdə Qrassinin elmi mövqeyi doğru idi.
Lakin Qaliley onun nəticələri ilə razılaşmadı. Həmin dövrdə kometaların təbiəti hələ tam öyrənilməmişdi. Qaliley isə onların atmosferdə yaranan optik hadisələr, Günəş işığını sındıran buxar və ya qaz kütlələri olduğunu düşünürdü.
O, bu mövqeyini müdafiə etmək üçün məşhur “İl Saccatore” (“Tərəziçi”) əsərini yazdı. Əsər elmi və fəlsəfi polemikanın parlaq nümunəsi olsa da, Qaliley burada rəqibinə qarşı sərt istehza və sarkazmdan istifadə edirdi.
Nəticədə Qaliley ədəbi mübahisədə üstünlük qazansa da, kometaların təbiəti məsələsində yanılmışdı. Qrassiyə qarşı sərt münasibəti isə yezuit alimləri ilə münasibətlərini daha da gərginləşdirdi.
Kopernik, yoxsa Tixo Brahe: Kainatın mərkəzində kim dayanırdı?
Qaliley ilə yezuitlər arasındakı ən mühüm fikir ayrılıqlarından biri də kainatın quruluşu ilə bağlı idi.
Qalileyin teleskop vasitəsilə apardığı müşahidələr — Veneranın fazaları və Yupiterin peyklərinin kəşfi Ptolemeyin klassik geosentrik sisteminə ciddi zərbə vurdu. Yezuit alimləri də bu müşahidələrin nəticələrini qəbul etməyə məcbur oldular.
Lakin bu, onların Kopernikin heliosentrik sistemini tam qəbul etməsi demək deyildi. Çünki həmin nəzəriyyəyə görə, Yer kürəsi hərəkətsiz deyil, Günəş ətrafında fırlanırdı. Bu fikir isə dövrün teoloji təsəvvürləri ilə ziddiyyət təşkil edirdi.
Yezuit alimləri çıxış yolunu danimarkalı astronom Tixo Brahenin təklif etdiyi hibrid sistemdə tapdılar. Bu modelə əsasən, digər planetlər Günəş ətrafında fırlanır, Günəşin özü və Ay isə hərəkətsiz Yer kürəsinin ətrafında dövr edirdi.
Beləliklə, Brahe sistemi həm teleskopik müşahidələrin bir sıra nəticələrini izah etməyə, həm də Yerin kainatın mərkəzində dayanması haqqında ənənəvi dini təsəvvürləri qorumağa imkan verirdi.
Qaliley isə bu yanaşmanı qəbul etmirdi. O, Kopernikin heliosentrik modelini qətiyyətlə müdafiə edir və Brahe sistemini həqiqəti qəbul etməmək üçün yaradılmış süni kompromis hesab edirdi.
Kim haqlı idi: Qaliley, yoxsa yezuit alimləri?
Bu qarşıdurmanın ən maraqlı tərəfi ondan ibarətdir ki, tarixi nəticə ilə həmin dövrdə mövcud olan elmi sübutlar həmişə üst-üstə düşmürdü.
Bu gün bilirik ki, Qaliley əsas prinsipdə haqlı idi: Yer kürəsi həm öz oxu ətrafında fırlanır, həm də Günəş ətrafında hərəkət edir. Günəş sistemi heliosentrik quruluşa malikdir. Aristotelin fizika və kosmologiya haqqında bir çox təsəvvürləri isə elmi inkişaf nəticəsində öz qüvvəsini itirib.
Qalileyin elmin inkişafına ən böyük töhfələrindən biri də mexanikanın əsaslarının formalaşmasına verdiyi töhfə idi. O, Yerin hərəkətini hiss etməməyimizin səbəbini onunla birlikdə hərəkət etməyimizlə izah edən nisbilik prinsipinin ilkin əsaslarını ortaya qoydu.
Ancaq XVII əsrin elmi imkanları baxımından vəziyyət o qədər də birmənalı deyildi.
Həmin dövrdə Qaliley Yerin hərəkət etdiyini birbaşa və qəti şəkildə sübut edə bilməmişdi. Onun əsas arqumentlərindən biri okeanlarda qabarma və çəkilmənin Yerin hərəkəti nəticəsində su kütlələrinin “çalxalanması” ilə bağlı olması idi. Bu izah doğru deyildi. Yezuit alimləri isə qabarma və çəkilmədə Ayın cazibə qüvvəsinin roluna diqqət çəkirdilər.
Qalileyin kometalarla bağlı mövqeyi də ciddi elmi səhv idi. Orazio Qrassi bu cisimlərin atmosfer hadisəsi deyil, kosmosda yerləşən obyektlər olduğunu düzgün müəyyənləşdirmişdi.
Bundan başqa, Tixo Brahenin sistemi həmin dövrdə müşahidə edilən astronomik hadisələri Kopernikin istifadə etdiyi ənənəvi dairəvi orbit modelindən heç də geri qalmayan dəqiqliklə izah edə bilirdi. Hətta bəzi praktik hesablamalarda bu model daha əlverişli görünürdü.
İki böyük elmi məktəbin qarşıdurması
Əslində, Qaliley ilə yezuitlər arasındakı mübahisə sadəcə dinlə elm arasında qarşıdurma deyildi. Bu, həm də iki fərqli elmi yanaşmanın, iki nüfuzlu məktəbin və fərqli dünyagörüşlərinin toqquşması idi.
Qaliley kainatın quruluşu ilə bağlı doğru istiqaməti müəyyənləşdirdi və müasir fizikanın formalaşmasına böyük töhfə verdi. Lakin mübahisələrin gedişində bəzən elmi faktlardan daha çox öz nəzəri mövqeyinə və polemik istedadına güvəndi.
Yezuit alimləri isə bir sıra konkret məsələlərdə daha əsaslandırılmış arqumentlər irəli sürürdülər. Onlar Qalileyi kometaların təbiəti və qabarma-çəkilmə hadisəsinin səbəbləri kimi məsələlərdə haqlı olaraq tənqid edirdilər.
Beləliklə, bu qarşıdurmanın nəticəsini iki cür qiymətləndirmək olar: Qaliley kainatın quruluşu ilə bağlı əsas mübarizədə tarixi üstünlük qazandı, yezuit alimləri isə ayrı-ayrı elmi mübahisələrdə onun ciddi səhvlərini üzə çıxardılar.
Tarixin ironiyası da elə bundadır: bəzən böyük həqiqəti müdafiə edən insan belə bütün məsələlərdə haqlı olmur. Elmdə isə nüfuz və inam deyil, sübut və müşahidə həlledici rol oynayır.
Hazırladı: Natiq Səlim,
KONKRET.az


