Kreml Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığının yekunlarına dair rəsmi bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin Mətbuat Xidmətinin məlumatında danışıqlarda əsas diqqətin Ukrayna böhranının tənzimlənməsi perspektivlərinə yönəldildiyi bildirilir.
Kremlin rəsmi saytında yayımlanan məlumatda həmçinin İran ətrafındakı mövcud vəziyyətin və ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin müzakirə olunduğu qeyd edilib. Qlobal energetika məsələləri nəzərdən keçirilərkən Rusiya tərəfi ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Putin bu addımın bütün qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Bundan əlavə, prezidentlər arasında şəxsi təmasların, eləcə də administrasiyalar, xüsusi xidmət orqanları və digər idarələr xətti ilə əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunub.
Xatırladaq ki, oktyabrın 9-da ABŞ Prezidenti Putinlə keçirdiyi telefon danışığının son dərəcə uğurlu olduğunu elan etmişdi. Tramp tərəflərin Rusiyadan dizel tədarükünü müzakirə etdiyini, Moskva tərəfinin tezliklə ABŞ-yə 300 min tondan çox dizel və beynəlxalq bazarlara 500 min ton yanacaq göndərəcəyini bildirmişdi.


