“İyirmi cüt ayaq havadadır. Deyəsən, dəyirmana cazibə qüvvəsi təsir etmir. Qadınlar bir-birinin ardınca dalğavari hərəkətlərlə rəqs meydançasına yayılır, sanki qurbanlarını yerin qaranlıq qüvvələrinə təqdim edirlər. Özlərinə gəldikdən sonra isə itirdikləri mələk qanadlarını axtarırlar. Beləliklə, iki ünsür arasındakı mübarizədə rəqqaslar bədənlə ruhun qarşıdurmasını canlandırırlar”.
Fransız memarı Anri Jakın kankan rəqsi haqqında bu təsviri onun nə qədər qeyri-adi və təsirli təəssürat yaratdığını göstərir.
1854-cü il oktyabrın 21-də Parisdə məşhur kankan rəqsi ilk dəfə ictimaiyyət qarşısında nümayiş etdirildi. Hesab olunur ki, kankanın klassik formasını 1850-ci ildə fransız rəqqasə Selest Moqado yaradıb. Bu rəqs sürətli kadrilin və qallopun elementlərinin birləşməsindən yaranmışdı. Onun əsas xüsusiyyətləri yüksək tullanmalar, ayaqların cəld və kəskin şəkildə yuxarı atılması idi.
Kankanın təqdimatı bəstəkar Jak Offenbaxın “Cəhənnəmdə Orfey” operettasının premyerasında baş tutdu. “İnfernal qallop” adlanan rəqs operettanın finalında ifa edilirdi. Bəzi mənbələrdə bildirilir ki, rəqs həddindən artıq ədəbsiz hesab olunduğundan qısa müddət sonra ictimai yerlərdə nümayişinə qadağa qoyulub.
Lakin tarix göstərir ki, qadağalar bəzən insanlarda marağı daha da artırır. Kankan əvvəlcə fəhlə məhəllələrində yayılmağa başladı. O, fahişəxanalar da daxil olmaqla, müxtəlif əyləncə məkanlarında ifa edilirdi. Polis müdaxilə etdikdə isə rəqqaslar bunun sadəcə kadrilin fərqli bir növü olduğunu bildirirdilər.
Maraqlıdır ki, həmin dövrdə “əsl” və ya “ədəbsiz kadril” adlandırılan rəqsi qadınlarla yanaşı, kişilər də ifa edirdilər. Qadınların ayaqlarını həddindən artıq yuxarı qaldırmasının səbəblərindən biri isə sirk nömrələrini xatırladırdı: rəqqasələr bu hərəkətlərlə kişilərin başındakı silindr formalı papaqları yerə salmağa çalışırdılar.

Kankan adının mənşəyi nədir?
“Kankan” sözünün mənşəyi dəqiq məlum deyil. Bir versiyaya görə, bu söz “qalmaqal” və ya “dedi-qodu” mənasını ifadə edir. Bu halda rəqsin adı təxminən “qalmaqallı rəqs” kimi başa düşülə bilər.
Başqa bir ehtimala görə, ad ördəklərin çıxardığı səslə əlaqəlidir. Fransızların ördək səsini “kan-kan” şəklində ifadə etdikləri, rəqqasələrin səhnədə bir-birinin ardınca yırğalanaraq hərəkət etməsinin isə ördək yerişini xatırlatdığı deyilir.
Bütün bunlarla yanaşı, kankan haqqında yayılmış təsəvvürlərdən biri də yanlışdır. Rəqqasələr ətəklərini yalnız bədənlərini nümayiş etdirmək üçün qaldırmırdılar. Onlar bağlı alt tumanlar geyinirdilər. Ancaq həmin dövrün əxlaq normalarına görə, ayaqların topuqdan yuxarı hissəsinin açıq görünməsi belə son dərəcə cəsarətli və qalmaqallı davranış sayılırdı.
“Mulen Ruj” kankanı necə məşhurlaşdırdı?
Kankanın qapalı əyləncə məkanlarından çıxaraq dünya şöhrəti qazanmasında Parisin məşhur “Mulen Ruj” kabare-sinin xüsusi rolu oldu.
1889-cu il oktyabrın 6-da Monmartrda “Mulen Ruj” — yəni “Qırmızı dəyirman” kabare-si açıldı. Kankan məhz bu məkanın səhnəsində nümayiş etdirildikdən sonra geniş populyarlıq qazandı.
Həmin il Parisdə Ümumdünya sərgisi keçirilir, Eyfel qülləsinin tikintisi isə başa çatırdı. Şəhərə dünyanın müxtəlif yerlərindən çoxlu turist gəlirdi. Belə bir şəraitdə kabare sahibi Jozef Oller əyləncə sənayesində yeni format yaratdı. Bu, nə ənənəvi teatr tamaşası, nə də adi restoran idi. Oller bu iki formatı birləşdirərək tamaşaçıların həm yemək yeyə, həm də səhnə çıxışlarını izləyə biləcəyi yeni əyləncə növü təklif etdi.

Proqramın ən diqqətçəkən hissələrindən biri isə, əlbəttə, kankan idi!
Rəqs qısa müddətdə kabarenin əsas simvollarından birinə çevrildi. Onun şöhrəti o qədər artdı ki, Böyük Britaniya kraliçası II Yelizaveta da 1981-ci il noyabrın 21-də “Mulen Ruj”da tamaşaya baxdı.
Kankanın öz qaydaları var
Bu gün “Mulen Ruj”da kankan sadəcə rəqs deyil, özünəməxsus qaydaları, ənənələri və səhnə mədəniyyəti olan bütöv bir şoudur. Təxminən səkkiz dəqiqə davam edən nömrədə rəqqasələr bir xətt boyunca düzülür, sinxron hərəkətlərlə ayaqlarını yuxarı qaldırır, tullanır, qışqırır və gülüş səsləri ilə tamaşaya xüsusi enerji qatırlar.
Müasir kankanın bu gün tanıdığımız səhnə formasının yaradılması isə 1920-ci ildə “Mulen Ruj”da çalışmış xoreoqraf Pyer Sadrinin adı ilə əlaqələndirilir.
Fransızların fikrincə, əsl kankanı yalnız “Qırmızı dəyirman”da görmək mümkündür. Kabare yüz ildən artıq fəaliyyəti ərzində cəmi iki dəfə — Birinci və İkinci dünya müharibələri zamanı bağlanıb.
“Mulen Ruj”un tarixində daha bir maraqlı hadisə isə Ginnesin Rekordlar Kitabı ilə bağlıdır. Kabarenin 125 illiyi münasibətilə rəqqasələr ayaqlarını 30 saniyə ərzində eyni vaxtda 29 dəfə yuxarı qaldıraraq rekord müəyyən ediblər.
Beləcə, vaxtilə əxlaqa zidd hesab edilən, ictimai yerlərdə nümayişi qadağan olunduğu deyilən kankan bu gün Fransa mədəniyyətinin ən tanınan simvollarından birinə çevrilib. Onun tarixçəsi isə bir daha göstərir ki, bəzən qalmaqal kimi qarşılanan yeniliklər zaman keçdikcə bütöv bir ölkənin mədəni irsinin ayrılmaz hissəsinə çevrilə bilir.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az


