Vasili Kandinskinin “Rəngarəng həyat” (“Das bunte Leben”) adlı rəsm əsəri Londonda “Christie’s” hərracında 27 milyon funt-sterlinqə (31,9 milyon avro) satılıb.
KONKRET.az xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı müsadirə edilən əsər 83 ildən sonra əvvəlki sahiblərinin varislərinə qaytarılıb.
Hərrac evi əsəri rəssamın yaradıcılıq dilinin inkişafını əks etdirən və onun sonrakı illərdə üslubunda baş verəcək heyrətamiz dəyişikliklərdən xəbər verən “inqilabi əsər” kimi səciyyələndirib.
Kandinski bu rəsm əsərini 1907-ci ildə Parisdə yaradıb. “Rəngarəng həyat” rəssamın yaradıcılığının erkən dövrünə aid ən mühüm əsərlərindən biri hesab olunur və onun abstraksionizmə keçidini ifadə edir.
1927-ci ildə əsəri Amsterdamda yaşayan Lövenşteyn ailəsi alıb. Daha sonra ailə rəsm əsərini Şəhər Muzeyinə müvəqqəti istifadəyə verib. Nasist Almaniyasının Niderlandı işğal etməsindən sonra Kandinskinin əsəri muzeydən götürülüb və 1940-cı ilin oktyabrında hərracda satılıb. Lövenşteyn ailəsinin bir çox üzvü sonradan konsentrasiya düşərgələrində həlak olub.
1972-ci ildə rəsm əsərini Bavariya Torpaq Bankı alıb və uzunmüddətli icarə əsasında Münhen muzeyinə verib.
Lövenşteyn ailəsinin varisləri onilliklər ərzində ailə kolleksiyasının geri qaytarılması uğrunda mübarizə aparıblar. 2017-ci ildə onlar Bavariya Torpaq Bankına qarşı məhkəmə iddiası qaldırıblar.
Nəhayət, 2023-cü ildə rəsm əsəri kolleksiyaçı ər-arvadın varislərinə qaytarılıb. Beləliklə, nasistlər tərəfindən müsadirə edilərək onilliklər ərzində başqa əllərdə qalan sənət əsəri 83 ildən sonra tarixi sahiblərinin ailəsinə geri dönüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az




