Azərbaycanın tamblinq üzrə yığmasının üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən dünya çempionatının təsnifat mərhələsindəki çıxışından və qarşıdakı hədəflərindən danışıb.
İdman.Biz xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Təsnifat mərhələsini uğurla başa vurduq! Fərdi yarışda iki hərəkətin cəminə görə 59,500 xal toplayaraq ən yaxşı təsnifat nəticəmi göstərdim və yarımfinala lider olaraq yüksəldim”.
Tofiq Əliyev komanda yarışındakı nəticəni də xüsusi qeyd edib:
“Komanda hesabında isə ən yaxın rəqibimiz ABŞ-ı 0,2 xal qabaqlayaraq təsnifat mərhələsini ilk pillədə başa vurduq”.
Azərbaycanlı gimnast ardıcıl üçüncü dünya çempionluğunu qazanmaq istədiklərini bildirib:
“Zəfər Gününə doğru irəliləyərkən, komanda hesabında ardıcıl üçüncü dəfə dünya çempionu olmaq möhtəşəm olardı! Bunun üçün əlimizdən gələni edəcəyik və qələbə üçün sona qədər mübarizə aparacağıq!”
Qeyd edək ki, Azərbaycanın tamblinq üzrə kişi yığması təsnifat mərhələsində 87,200 xal toplayaraq birinci yeri tutub və noyabrın 6-da keçiriləcək finala vəsiqə qazanıb.




