“Slaviya”nın futbolçusu Tomaş Vlçek Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Sabah”la keçiriləcək oyundan qələbə ilə ayrılmaq istədiklərini bildirib.
İdman.Biz xəbər verir ki, müdafiəçi oyunöncəsi mətbuat konfransında komandasının turnirdə uzun müddətdir qələbə qazanmamasının onlara əlavə motivasiya verdiyini söyləyib.
“Təzyiq bizə mane olmur. “Lans”la Çempionlar Liqası matçından sonra yaxşı nəticələr əldə etdik. Düşünürəm ki, həmin oyunda baş verənlər bizə müsbət təsir göstərdi. Komandamız Çempionlar Liqasında qələbə qazanmağa layiqdir”, – deyə Vlçek bildirib.
Müdafiəçi komanda yoldaşlarının oyunöncəsi iddialı açıqlamalarının rəqibə əlavə motivasiya verə biləcəyi ilə bağlı suala da münasibət bildirib:
“Uzun müddətdir Çempionlar Liqasında qələbə qazanmırıq. Bu, bizi daha da motivasiya edir. Bakıdan qələbə ilə qayıtmaq istəyirik”.
Vlçek “Slaviya”nın favorit göstərilməsinə baxmayaraq, onları güclü rəqibin gözlədiyini vurğulayıb:
“Sabah” çox güclü rəqibdir. Təsnifat mərhələlərində yaxşı çıxış etdilər. Rəqibimiz yüksək səviyyəli komandadır. Mən də hamı kimi düşünürəm ki, çox yaxşı futbol oynayırlar. Təbii ki, bizi güclü rəqib gözləyir. Bununla belə, oyuna hazırlaşmaq üçün əlimizdən gələni etmişik”.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq.



