UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Sabah” - “Slaviya” qarşılaşması ilə əlaqədar azarkeşlərin Bakı Olimpiya Stadionuna gediş-gəlişi üçün xüsusi nəqliyyat imkanları yaradılacaq.
İdman.Biz xəbər verir ki, oyundan əvvəl “Qara Qarayev” və “Gənclik” metro stansiyalarından Bakı Olimpiya Stadionuna xüsusi avtobuslar hərəkət edəcək. Matç günü metropoliten də xüsusi rejimdə fəaliyyət göstərəcək.
Klub azarkeşlərə qarşılaşmanın başlanmasına ən azı üç saat qalmış stadiona gəlməyi tövsiyə edib. Erkən gələn azarkeşlər stadion ərazisində təşkil olunacaq Fan Zone-da oyunöncəsi əyləncələrə qatıla biləcəklər.
Görüş başa çatdıqdan sonra isə şatl avtobusları azarkeşləri stadiondan “Qara Qarayev”, “Gənclik” və Binə istiqamətlərinə daşıyacaq.
Qeyd edək ki, “Sabah” - “Slaviya” qarşılaşması oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.




