“Nəticələr bir qədər ürəkaçan deyil”.
Bunu AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Səməd Qurbanovun FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Turnir haqqında fikirləriniz necədir?
– Gözəl turnirdir, həqiqətən də, bu dünyada görünməmiş hadisədir. 15 yaşlı uşaqların belə həvəslə oynamaları biz veteranları da sevindirir, onların oyununa baxmaqdan zövq alırıq. Mənim arzum budur ki, bu uşaqlar gələcəkdə bizim yerimizi tutsunlar və Azərbaycan futbolunu daha da yüksəltsinlər.
– Gələcək üçün perspektiv görürsünüzmü?
– Bəli! Bu uşaqların hamısı hazırdırlar, gələcəyin futbolçularıdır. Mənim ən böyük arzum odur ki, gələcəkdə bizim yerimizi onlar tutsunlar.
– Uşaqların potensialını nəzərə alsaq, nəticələri qənaətbəxş hesab edirsinizmi?
– Nəticələr bir qədər ürəkaçan deyil. Ancaq mənə elə gəlir ki, bu turnir bütün bunları kölgədə qoyur. Uşaqların gözəl futbolunun şahidi olduq və inanıram ki, gələcəkdə də onların yaxşı oyunlarını görəcəyik. Əsas odur ki, dünya bu turnirə baxır, dünya azarkeşləri və beynəlxalq ictimaiyyət bu hadisəni izləyir. Bizi hər yerdə dəstəkləyirlər. Bu da çox sevindirici haldır.

