Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanov “Sabah”ın UEFA Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.
O, Bakı təmsilçisinin turnirdəki şansları və gələcək perspektivləri barədə danışıb.
“Azərbaycanı Avropada təmsil edən hər bir komanda bizim üçün dəyərlidir. Onlara azarkeşlik edirik və həmişə maksimum nəticə gözləyirik. Komanda üç oyunda iki məğlubiyyət alıb, bir qələbə qazansa da, son iki matçda möhtəşəm oyun göstərdi. Evdə “Borussiya”ya uduzsaq da, meydandakı mübarizəyə əsasən deyə bilərəm ki, xal almaq mümkün idi. Sadəcə, rəqibin ustalığı öz sözünü dedi.
Biz həmişə komandalarımızdan qələbə gözləyirik, lakin bunun üçün böyük təcrübə lazımdır. “Sabah”ın Çempionlar Liqasında debütant olduğunu nəzərə almalıyıq. Futbolçuların əksəriyyəti bu səviyyədə, Liqa mərhələsində oynamayıb. Bu da həlledici amildir. İnanıram ki, gələcəkdə “Sabah”, “Neftçi”, “Qarabağ” və digər klublarımız Liqa mərhələsində özlərini daha yaxşı tərəfdən göstərə biləcəklər. Çünki komandalarımızın belə nəticələr əldə etmək üçün potensialı var”, - deyə o teleqraf.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının dördüncü turunda bu gün səfərdə Norveçin “Vikinq” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.


