“Gəncə” basketbol klubunun baş məşqçisi Murad Dikmen FIBA Avropa Kubokunda ilk qələbələrini qazanmalarından danışıb.
İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis C qrupunun dördüncü turunda Portuqaliyanın “Sportinq” klubu üzərində 69:67 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirib.
“Hər şeydən əvvəl oyuna gələn bütün azarkeşlərə təşəkkür edirəm. Qələbəmizdə pay sahibidirlər. Zəfərimizi Gəncəyə ərmağan edirik. FIBA Avropa Kubokunda ilk mövsümdə ilk qələbəmizi qazandıq. Mənim üçün də çox dəyərlidir. Tarix yazdığımızı düşünürəm. Uğurda əziyyəti olan basketbolçulara, məşqçi və texniki heyətə, klub rəhbərliyinə təbriklərimi çatdırıram. Oyunun çətin keçəcəyini bilirdik”.
Dikmen komandasının qarşılaşmaya ciddi itkilərlə çıxdığını vurğulayıb:
“Heyətimizdə zədəlilər də vardı. Üstəlik, kapitan Carvis Qarretin də zədəsi mövcuddur. İki gün məşqlərə çıxmadı, amma fədakarlıq göstərib bu gün oynadı. Dar rotasiyada, yerli basketbolçuların da göstərdikləri oyunla yaxşı mübarizə apardığımızı düşünürəm. Təslim olmadıq. Matçın əvvəlini çıxmaq şərtilə bütün oyuna nəzarət bizim əlimizdə idi. Həm hücumda, həm də müdafiədə inamla çıxış etdik. Görüşün sonu həyəcanlı olsa da, nəticə xeyrimizə oldu. Bunun davamını Avropa Kubokunda və liqada gətirməliyik”.
Qeyd edək ki, “Gəncə” “Sportinq” üzərində qələbə ilə FIBA Avropa Kubokunda ilk uğuruna imza atıb.





