Argentina prokurorluğu Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesində neyrocərrah Leopoldo Luke üçün 12 il həbs cəzası tələb edib.
İdman.Biz “TN” nəşrinə istinadən xəbər verir ki, prokurorlar Patrisio Ferrari və Kosme İribarren təqsirləndirilən şəxslərlə bağlı cəza tələblərini irəli sürüblər.
Tibbi xidmətin koordinatoru Nensi Forlini üçün 10, psixiatr Aqustina Kosaçov üçün səkkiz, psixoloq Karlos Dias üçün beş, tibb işçisi Rikardo Almiron və həkim Mariano Perroni üçün isə dörd il həbs cəzası istənilib.
İttiham tərəfi Maradonaya ölümündən əvvəl lazımi tibbi yardım göstərilmədiyini və onun həyatını xilas etməyin mümkün olduğunu bildirib.
“Luke ürək çatışmazlığının əlamətlərinə məhəl qoymayıb. Hamı ona Maradonada şişkinlik və maye yığılması olduğunu deyirdi. Lakin onun mövqeyi həmişə eyni idi - heç nə etməmək”, - deyə prokuror Ferrari bildirib.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də, 60 yaşında vəfat edib. Məhkəmə hələ yekun hökm çıxarmayıb.






