“Mançester Yunayted” qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. Klub ən azı bir yeni futbolçu ilə müqavilə bağlamağa hazırdır.
İdman.Biz “The Times” nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisi ötən yay transfer kampaniyasında yol verilən çatışmazlıqları aradan qaldırmağa çalışır. Həmin vaxt yarımmüdafiə xətti gücləndirilsə də, digər mövqelər diqqətdən kənarda qalıb.
Hazırda komandanın xüsusilə sol cinah müdafiəsində və hücum xəttində problemləri var. Lyuk Şou və Benjamin Şeşkonun zədəli olması bu mövqelərdə futbolçu çatışmazlığını daha da artırıb.
Daha əvvəl “Mançester Yunayted”in hücumçu mövqeyi üçün ən azı altı namizədi nəzərdən keçirdiyi bildirilmişdi. Bununla belə, klub qışda yalnız hücumu deyil, bir neçə mövqeni gücləndirməyə də hazırdır.
Transfer prosesinə kimin rəhbərlik edəcəyi isə hələlik bəlli deyil. Futbol direktoru Ceyson Uilkoksun gələcəyinin baş məşqçi Maykl Karrikin taleyindən asılı olduğu bildirilir. Karrikin klubdakı mövqeyi də ciddi təzyiq altındadır.





