Almaniyanın “Bavariya” futbol komandası baş məşqçi Vensan Kompaninin yoxluğunda Bundesliqada “Frayburq”la oyuna hazırlaşır.
İdman.Biz “Sportschau” nəşrinə istinadən xəbər verir ki, səhhətində yaranan problemlər səbəbindən vəzifəsini müvəqqəti icra edə bilməyən belçikalı mütəxəssisi köməkçisi Aaron Denks əvəz edəcək.
43 yaşlı məşqçi qarşılaşmadan əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, komanda mövcud taktiki sistemə sadiq qalacaq və ciddi dəyişikliklərə əl atmayacaq.
“Biz yeni heç nə sınamayacağıq və fərqli ideyalar tətbiq etməyəcəyik. Bildiyimiz üsullarla davam edəcəyik. Bu, həm komandanı, həm də məni sakitləşdirir”, - deyə Denks bildirib.
Onun sözlərinə görə, məşqçilər korpusu “Frayburq”la oyunun planını Kompaninin iştirakı olmadan hazırlayacaq. Denks səhhətindəki problemlərə görə müalicə olunan baş məşqçi ilə futbol məsələlərini müzakirə etməməyə çalışdıqlarını vurğulayıb.
“Biz məşqçilər heyəti olaraq adi iş qaydamızı qorumağa çalışırıq. Uzun müddətdir birlikdə çalışırıq və nə etdiyimizi bilirik. Belə vəziyyətlərdə emosiyalara qapılmaq olmaz. Əks halda təzyiqi daha çox hiss edirsən”, - deyə mütəxəssis bildirib.
Denks üçün “Bavariya”nın oyununa rəhbərlik etmək ilk təcrübə olmayacaq. O, apreldə Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçirilən və Münhen təmsilçisinin 4:5 hesabı ilə məğlub olduğu qarşılaşmada da Kompanini əvəz edib. Həmin vaxt belçikalı mütəxəssis sarı vərəqələrə görə cəzalı olub.
Lakin indiki vəziyyət əvvəlkindən fərqlənir. Apreldə Kompani matçöncəsi hazırlıq prosesinə rəhbərlik edə bilsə də, bu dəfə məşqçilər korpusu bütün qərarları müstəqil qəbul etməlidir.
“Bavariya” qarşıdakı oyuna ciddi heyət problemləri ilə çıxacaq. Camal Musiala səhhətindəki nevroloji problemlərə görə bir neçə dəfə məşqlərdən və oyunlardan kənarda qalıb. Coşua Kimmix atasının vəfatından sonra komandaya kömək edə bilmir.
Əsas qapıçı Manuel Noyer ayağındakı vətər problemi, Kim Min Ce isə əzələ dartılması səbəbindən “Frayburq”la görüşü buraxacaq. Aleksandar Pavloviçin də qarşılaşmada iştirak etməyəcəyi barədə məlumatlar yayılıb.
Bununla belə, Denks komandasına inandığını vurğulayıb.
“Futbolçularımıza güvənirəm. Çətin vəziyyətdir, amma bu klubda öyrəndiyim əsas məqamlardan biri oyunçuların peşəkarlığı, qələbə əzmi və kollektivimizin gücüdür. Son iki ildə, əsasən Vinsentin sayəsində, aramızda çox yaxşı münasibətlər və ailə mühiti yaranıb. İnanırıq ki, bu birlik bizə oyunda kömək edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Kompaninin məşqçi kimi fəaliyyətinə qayıtmasının daha bir neçə həftə çəkəcəyi gözlənilir.




