UEFA Millətlər Liqasında dördüncü turun növbəti oyunları başa çatıb.
İdman.Biz xəbər verir ki, "Stad de Frans"da keçirilən Fransa və Belçika yığmalarının qarşılaşması ən məhsuldar oyunlardan biri olub. Meydan sahibləri 4:1 hesabı ilə böyükhesablı qələbə qazanıblar, üstəlik, 77-ci dəqiqəyə qədər Belçika millisi hesabda öndə olub.
35-ci dəqiqədə Dodi Lukebakio belçikalıları irəli çıxarıb. Fransa yalnız 77-ci dəqiqədə Dezire Due sayəsində hesabı bərabərləşdirib, dörd dəqiqə sonra isə Rayan Şerki hesabı 2:1 edib. Qarşılaşmanın sonlarında Maykl Olise 88 və 90+1-ci dəqiqələrdə fərqlənərək dubl rəsmiləşdirib.
Dörd oyundan sonra 10 xal toplayan Fransa A Liqasının birinci qrupunda liderlik edir.
Bu qrupun digər matçında İtaliya Bolonyada Türkiyəyə 3:1 hesabı ilə qalib gəlib. Canluka Skamakka 26-cı dəqiqədə hesabı açıb, fasilədən sonra isə Şimşir tarazlığı bərpa edib. Lakin 65-ci dəqiqədə Kalafyori italyanları yenidən irəli çıxarıb, 87-ci dəqiqədə isə Espozito yekun hesabı müəyyənləşdirib.
B Liqasında Macarıstan millisi Ukrayna üzərində 2:1 hesablı qələbə qazanıb. Trnavada keçirilən görüşün 52-ci dəqiqəsində Toth hesabı açıb. Roman Yaremçuk oyunun 83-cu dəqiqəsində hesabı bərabərləşdirsə də, Ksinger 85-ci dəqiqədə qələbə qolunu vurub.
B Liqasının ikinci qrupunun digər matçında Şimali İrlandiya və Gürcüstan arasında olan qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0. Dörd turdan sonra səkkiz xalla şimali irlandiyalılar birinci yeri tutur, Macarıstan yeddi xal toplayıb, Ukraynanın dörd, Gürcüstanın isə iki xalı var.
C Liqasında Monteneqro - Ermənistan qarşılaşmasında heç-heçə qeydə alınıb - 0:0. 87-ci dəqiqədə Stipe Lonçarın qırmızı vərəqə almasından sonra meydan sahibləri azlıqda qalıblar. "Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqronun start heyətində meydana çıxıb, 62-ci dəqiqədə əvəzlənib.
Monteneqro 10 xalla ikinci qrupda liderliyini davam etdirir, Ermənistan isə dörd xalla üçüncü yeri tutur.
Oyun gününün digər görüşündə İsveç səfərdə Rumıniyaya 1:0 hesabı ilə qalib gəlib. Yeganə qol artıq 13-cü dəqiqədə vurulub: Viktor Gyökereş Sebastyan Nanasinin ötürməsindən yararlanaraq komandasına üç xal qazandırıb.
Bosniya və Herseqovina - Polşa qarşılaşmasında meydan sahibləri minimal hesabla qalib gəliblər - 1:0. Yeganə qolu qarşılaşmanın 84-cü dəqiqəsində Basiç vurub. Matçda "Qarabağ"ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovinanın qapısını qoruyub.
22:00
Kipr milli komandası Millətlər Liqasının C Liqasının ikinci qrupunda Latviya üzərində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Nikosiyada keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
İlk hissədə qol vurulmayıb. Latviya 57-ci dəqiqədə Eduards Daşkeviçsin qolu ilə hesabı açıb. Kipr 70-ci dəqiqədə İoannis Kostinin qolu ilə tarazlığı bərpa edib.
Oyunun əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə Markus Edvards qələbə qolunu vurub.
Bu nəticədən sonra Kipr dörd oyundan yeddi xalla qrupda ikinci pillədə qərarlaşıb. Latviya isə 1 xalla sonuncu yerdədir. Monteneqro doqquz xalla liderdir, Ermənistanın aktivində 3 xal var.
09:13
UEFA Millətlər Liqasında bu gün dördüncü turun növbəti oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, üç liqada ümumilikdə səkkiz qarşılaşma baş tutacaq.
A Liqasının birinci qrupunda Fransa Belçikanı, İtaliya isə Türkiyəni qəbul edəcək.
B Liqasının ikinci qrupunda Şimali İrlandiya Gürcüstanla, Ukrayna Macarıstanla üz-üzə gələcək. dördüncü qrupda Bosniya və Herseqovina Polşa ilə, Rumıniya isə İsveçlə qarşılaşacaq.
C Liqasının ikinci qrupunda Kipr Latviya ilə, Monteneqro isə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək.
5 oktyabr, Bakı vaxtı ilə
20:00 Kipr - Latviya
22:45 İtaliya - Türkiyə
22:45 Şimali İrlandiya - Gürcüstan
22:45 Ukrayna - Macarıstan
22:45 Fransa - Belçika
22:45 Bosniya və Herseqovina - Polşa
22:45 Rumıniya - İsveç
22:45 Monteneqro - Ermənistan




