“Formula-1” üzrə dördqat dünya çempionu, “Red Bull”un pilotu Maks Ferstappen komandasının 2026-cı il bolidinin inkişafı barədə danışıb.
İdman.Biz “Motorsport”a istinadən xəbər verir ki, niderlandlı sürücü mövsüm ərzində avtomobilə tətbiq edilən bütün yeniliklərin özünü doğrultduğunu bildirib.
“Ən vacibi mövsümün əvvəlində harada olduğumuza və indi hansı səviyyəyə çatdığımıza baxmaqdır. O vaxtdan bəri bolidə tətbiq etdiyimiz bütün yeniliklər özünü doğruldub. Avtomobilin müəyyən hissələri ilə bağlı problemlərimiz də var idi, lakin onların hamısını həll edə bildik. Bu, gələn il üçün çox vacibdir.
Bəzi komandaların yeni yeniliklərinin müəyyən aspektləri ilə bağlı hələ də şübhələri var. Bizdə isə hər şey işləyir və bu, böyük üstünlükdür”, - deyə Ferstappen vurğulayıb.
Niderlandlı pilot bu irəliləyişin növbəti mövsümə nə dərəcədə təsir edəcəyi barədə də fikirlərini bölüşüb.
“Bunu əvvəlcədən tam bilmək mümkün deyil. Hazırda hazırladığımız, hələ real şəraitdə mövcud olmayan və yalnız çertyojlarda olan layihələr barədə danışmaq həmişə çətindir. Amma bu il bolidə tətbiq etdiyimiz hər şey işlədi. Bu, çox müsbət haldır və ümid edirəm ki, gələn il də bundan yararlana biləcəyik”.
Ferstappen komandanın gələn il istifadəyə verəcəyi yeni aerodinamik tunelə də toxunub.
“Bu, ayrıca məsələdir. Təbii ki, onun düzgün işləyəcəyinə və bizə kömək edəcəyinə ümid edirik. Əvvəlki problemlərimiz qismən avtomobilin eni və uzunluğu ilə bağlı ola bilərdi. İndi fərqli bolidlərimiz var. Amma ən vacibi odur ki, gələn il yeni aerodinamik tuneldən istifadə edə biləcəyik”, – deyə o əlavə edib.






