“Sabah”ın müdafiəçisi Eyden Makkarti UEFA Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda Norveçin “Vikinq” klubuna qarşı keçirəcəkləri səfər oyunundan əvvəl komandasının imkanlarına inandığını bildirib. Futbolçu uğurlu nəticə qazanmaq üçün bütün oyunçuların vahid komanda kimi mübarizə aparmalı olduğunu vurğulayıb.
İdman.Biz xəbər verir ki, Makkarti qarşılaşma öncəsi açıqlamasında yalnız müdafiəçilərin deyil, bütün komandanın üzərinə məsuliyyət düşdüyünü qeyd edib.
“Təkcə müdafiəçilər deyil, bütün komanda vahid mexanizm kimi çalışmalıdır. Hər vəziyyətin öz həll yolu var. Komanda yoldaşlarıma inanıram və layiqli oyun göstərmək üçün əlimizdən gələni edəcəyimizə əminəm. Biz rəqibimizi düşünürük, amma onlar da bizim güclü tərəflərimizi nəzərə almalıdırlar”, - deyə futbolçu bildirib.
Makkarti Çempionlar Liqasında vurduğu qolun ona əlavə inam verdiyini də söyləyib. Bununla belə, müdafiəçi növbəti qarşılaşmada əsas vəzifələrindən birinin rəqib hücumlarının qarşısını almaq olduğunu vurğulayıb.
“Bu qol özümə inamımı daha da artırdı. Asan oyun olmur. Yenidən qol vurmaq imkanım yaranarsa, bundan istifadə etmək üçün əlimdən gələni edəcəyəm. Amma eyni zamanda, müdafiədə də etibarlı oynamalıyıq”, - deyə Makkarti əlavə edib.






