“Ruy Jorjenin 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində öz fəlsəfəsini həyata keçirməsi üçün zaman lazımdır”.
Bunu “Neftçi”nin U-17 futbol komandasının baş məşqçisi Elvin Məmmədov deyib.
Azərbaycan millisinin sabiq futbolçusu U-20-nin yoldaşlıq görüşlərində yaxşı təsir bağışladığını bildirib.
“Yığmanın Moldova ilə keçirdiyi yoxlama matçını tam izlədim. Yaponiya ilə qarşılaşmanın isə ikinci hissəsini və penaltilər seriyasını izləyə bildim. Düşüncəm odur ki, portuqaliyalı baş məşqçi Ruy Jorjenin öz futbol fəlsəfəsini həyata keçirməsi üçün zaman lazımdır. Beynəlxalq yoldaşlıq görüşləri tez-tez keçirilməlidir. Çünki bu futbolçuların beynəlxalq təcrübəyə ehtiyacı var. Onların əksəriyyəti Azərbaycanın əvəzedicilərdən ibarət çempionatında çıxış edirlər. Onların hər biri bizim gələcəyimizdirlər”, - deyə o report.az-a açıqlamasında söyləyib.
O, mundialın azərbaycanlı və digər futbolçular üçün böyük şans olacağını vurğulayıb:
“Təbii ki, dünya çempionatı kimi böyük, perspektivli yarışa hazırlaşmaq məsuliyyət tələb edir. Mundialda ev sahibi komanda kimi iştirak edəcəyik. Bu, futbolçularımız üçün yaxşı imkan deməkdir. Çünki turnirdə iştirak edəcək futbolçuları skautlar izləyəcəklər”.
Qeyd edək ki, Azərbaycanın U-20 yığması Qəbələdəki ilk yoxlama görüşündə Moldovaya 0:1 hesabı ilə uduzub, ikinci matçda isə Yaponiya ilə əsas vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib.




