“Barselona” sol cinah müdafiəçisi Aleks Baldenin transfer qiyməti ilə bağlı mövqeyini müəyyənləşdirib.
İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 23 yaşlı futbolçunu 40 milyon avrodan (təxminən 78 milyon manat) yüksək məbləğə qiymətləndirir.
“Barselona” qış transfer pəncərəsində Baldenin birdəfəlik satışına üstünlük verir. İcarə variantı isə yalnız məcburi satınalma şərti olduğu halda nəzərdən keçirilə bilər.
Klubun məqsədi yeni transferlər üçün maliyyə vəsaiti əldə etməkdir. Bu mövqe artıq futbolçunun agenti Jorje Mendeşə çatdırılıb.
Balde az oyun vaxtı aldığı üçün qış transfer pəncərəsində komandadan ayrılmağı nəzərdən keçirir. Onun Premyer Liqada çıxış etməyə hazır olduğu bildirilir.
Müdafiəçi ilə İtaliyanın “Yuventus” və “Roma” klubları da maraqlanır. Lakin hər iki komanda icarə variantına üstünlük verir. Futbolçunun yüksək maaşı da mümkün keçidə maneə yaradır.
İngiltərədə isə “Mançester Yunayted” və “Çelsi” Balde ilə maraqlanıblar. “Liverpul” və “Mançester Siti” də onun vəziyyətini izləyir, lakin yaxın müddətdə transfer üçün hərəkətə keçməyi planlaşdırmırlar.
Qeyd edək ki, Aleks Balde cari mövsümdə cəmi dörd oyunda iştirak edib və heç birində start heyətində meydana çıxmayıb. O, Joau Kanselu və Xavi Espartla rəqabətdə geri qalır.





