İdman · İdman.biz

10 dəqiqəlik triller, 25 ildən sonra bürünc və əfsanənin büdrəməsi: Bakı mundialının dördüncü günündən diqqətçəkən məqamlar - İDMAN.BİZ-in İCMALI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
10 dəqiqəlik triller, 25 ildən sonra bürünc və əfsanənin büdrəməsi: Bakı mundialının dördüncü günündən diqqətçəkən məqamlar - İDMAN.BİZ-in İCMALI xəbəri üçün şəkil

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının oktyabrın 7-də baş tutan dördüncü yarış günü azarkeşlərə Azərbaycan millisinin iki medalından əlavə, bir sıra maraqlı və yaddaqalan hadisələr də bəxş edib.

İdman.Biz xəbər verir ki, paytaxtdakı mundialın dördüncü günündə diqqət mərkəzində təxminən 10 dəqiqə davam edən final, dünyanın ən titullu cüdoçularından birinin gözlənilməz məğlubiyyəti, maraqlı ailə hekayəsi və İranın dünya çempionatına qayıdışı olub.

Əbədiyyət kimi görünən 10 dəqiqə

81 kq çəki dərəcəsində azərbaycanlı Zəlim Tsaqayevlə gürcü Tato Qriqalaşvili arasında keçirilən final əsl marafona çevrilib.

Görüş təxminən 10 dəqiqə davam edib. Əlavə vaxtda cüdoçular hücumlar arasında güclərini çətinliklə bərpa ediblər. Epizodların birində hakimlər əvvəlcə Qriqalaşviliyə vaza-ri versələr də, videobaxışdan sonra bu qiymətləndirməni ləğv ediblər.

Görüşün taleyi bundan xeyli sonra həll olunub. Gürcüstan təmsilçisi rəqibinin əks-hücumundan istifadə edərək xal qazanıb və dördüncü dəfə dünya çempionu olub.

Finala əlavə maraq qatan məqamlardan biri də cüdoçuların əvvəlki görüşlərinin nəticəsi idi. Qriqalaşvili Bakıya qədər böyüklər arasında keçirilən bütün beş görüşdə Tsaqayevə qalib gəlmişdi. Azərbaycanlı cüdoçu isə onu yalnız bir dəfə – 10 il əvvəl Berlində keçirilən Avropa Kubokunun yeniyetmələr arasında yarışında məğlub etmişdi.

Qriqalaşvili üçün Bakıdakı final 2021-ci ildən etibarən dünya çempionatlarında ardıcıl altıncı final olub.

Öz qələbəsindən daha yüksəkdə rəqibinin əlini qaldırdı

Finaldan sonra axşamın ən gözəl anlarından biri yaşanıb. Qriqalaşvili Tsaqayevi qucaqlayıb və yenicə məğlub etdiyi rəqibinin əlini tribunalar qarşısında yuxarı qaldıraraq ona hörmətini nümayiş etdirib.

Gürcüstan təmsilçisi daha sonra İdman.Biz-ə açıqlamasında bildirib ki, bu jesti yalnız Zəlimə deyil, bütün Azərbaycana hörmət əlaməti olaraq edib. O, həmçinin bu görüşü aralarındakı mübarizələrin ən çətini adlandırıb.

Tsaqayev isə finaldan sonra bəhanə axtarmayıb və hakimlərin qərarlarını müzakirə etməyib. Azərbaycanlı cüdoçu rəqibinin daha güclü olduğunu etiraf edib, baxmayaraq ki, son saniyəyə qədər qələbəyə inanıb.

25 il gözlənilən bürünc medal

Digər azərbaycanlı cüdoçu Ömər Rəcəbli 81 kq çəki dərəcəsində bürünc medal qazanmaqla daha bir duyğusal hekayəyə imza atıb.

Düz 25 il əvvəl onun atası Elxan Rəcəbli 2001-ci ildə Münhendə keçirilən dünya çempionatında bürünc medal qazanmışdı. Maraqlıdır ki, ata və oğul eyni çəkidə eyni nəticəyə nail olublar.

Üstəlik, Ömər Rəcəbli atasının bu uğurunu ilk böyüklər arasında dünya çempionatında təkrarlayıb. Üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Abilayxan Jubanazarla qarşılaşan cüdoçumuz əvvəlcə yuko hesabı ilə geridə olsa da, hesabı bərabərləşdirib və daha sonra rəqibini saxlama fəndi ilə məğlub edib.

Rəcəbli qələbədən sonra medalını atasına həsr edib. O bildirib ki, məhz atasının dəstəyi və motivasiyası bu nəticəni qazanmasına kömək edib.

Bir qazaxıstanlı cüdoçunun qarşısına üç azərbaycanlı çıxdı

Abilayxan Jubanazarla bağlı da maraqlı turnir statistikası yaranıb. Qazaxıstan təmsilçisi bir yarış günü ərzində 81 kq çəki dərəcəsində Azərbaycanın hər üç nümayəndəsi ilə qarşılaşıb.

Əvvəlcə 1/8 finalda Vüsal Qalandarzadəyə qalib gələn cüdoçu yarımfinalda Zəlim Tsaqayevə uduzub. Bürünc medal uğrunda görüşdə isə Ömər Rəcəblini məğlub edə bilməyib. Beləliklə, qazaxıstanlı cüdoçunun medal yolunu iki dəfə məhz ev sahibi ölkənin nümayəndələri kəsib.

Tribunadan “Ana!” səsi və medal seriyasının sonu

Dördüncü günün əsas sürprizlərindən biri fransalı cüdoçu Klariss Aqbenyenunun çıxışı olub.

Altıqat dünya çempionu və Olimpiya çempionu ikinci övladını dünyaya gətirdikdən cəmi yeddi ay keçməmiş dünya çempionatına qayıdıb. Onun oğlu Dakota martın 11-də dünyaya gəlib.

Fransanın L'Esprit du Judo nəşri onun ilk görüşü zamanı yaşanan duyğusal məqama diqqət çəkib. Aqbenyenu qələbədən sonra tribunada olan qızı Afinaya baş barmağını göstərib. Qızı isə sevinc içində “Ana!” deyə onu səsləyib.

Lakin bu hekayənin sonu xoş olmayıb. Fransalı cüdoçu 1/4 finalda dünya reytinqində yalnız 54-cü pillədə qərarlaşan macarıstanlı Anna Krizaya gözlənilmədən məğlub olub. Daha sonra təsəlliverici görüşdə monqolustanlı Enxriilen Lxaqvaqooya uduzaraq yarışı yeddinci pillədə başa vurub.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) məlumatına görə, Aqbenyenu 2014-cü ildən etibarən iştirak etdiyi dünya çempionatlarının heç birində Bakıdakı yarışa qədər medalsız qalmamışdı.

Çempionların planlarını alt-üst edən macarıstanlı

23 yaşlı Anna Kriza üçün Bakıdakı dünya çempionatı böyüklər arasında ilk mundialı idi. Buna baxmayaraq, məhz o, günün əsas qəhrəmanlarından birinə çevrilib.

Əvvəlcə ev sahibi Azərbaycanın təmsilçisi Qanna Zaytsevanı məğlub edən macarıstanlı cüdoçu Ukraynada doğulub və yaxın vaxtlara qədər beynəlxalq yarışlarda Polşanı təmsil edib. O, azərbaycanlı rəqibini boğma fəndi ilə üstələyib.

Daha sonra Kriza dünya reytinqində altıncı olan xorvatiyalı İva Oberanı mübarizədən kənarlaşdırıb. 1/4 finalda isə Aqbenyenu üzərində sensasiyalı qələbə qazanıb.

Lakin macarıstanlı cüdoçu podiuma yüksələ bilməyib. Yarımfinalda onu israilli Keren Primo dayandırıb. Bürünc medal uğrunda görüşdə isə Kriza çexiyalı Renata Zaxovaya uduzub. Son məğlubiyyətdən sonra cüdoçu göz yaşlarını güclə saxlaya bilib. Buna baxmayaraq, beşinci yer onun böyüklər arasında dünya çempionatındakı ən böyük uğuru olub.

40 qələbə və sıfır məğlubiyyət

Aqbenyenu üçün məyusluqla başa çatan günün əksinə, yaponiyalı Haruka Kacu yenə də məğlubedilməz idmançı statusunu təsdiqləyib.

O, Bakıda 63 kq çəki dərəcəsində dünya çempionu titulunu qoruyub və IJF Dünya Turu yarışlarında ardıcıl qələbələrinin sayını 40-a çatdırıb. Finalda 21 yaşlı israilli Keren Primo ilə qarşılaşan yaponiyalı cüdoçu parterdəki ustalığını bir daha nümayiş etdirib.

Maraqlıdır ki, ilk saxlama fəndindən sonra Primo 9 saniyənin tamamında vəziyyətdən çıxmağı bacarıb. Lakin Kacu dərhal sonra yenidən rəqibini saxlamaq üçün fürsət tapıb və bu dəfə israilli cüdoçu xilas ola bilməyib.

Primo üçün bu, yalnız dünya çempionatında deyil, ümumilikdə IJF Dünya Turu yarışlarında ilk final olub.

Yeddi ildən sonra qayıdış

Bakıdakı dünya çempionatı İran cüdoçularının beynəlxalq arenaya tarixi qayıdışına da şahidlik edib. Ölkə 2019-cu ildən sonra ilk dəfə böyüklər arasında dünya çempionatına nümayəndə göndərib.

İranın yeganə təmsilçisi 81 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı İlyas Pərhizqar olub.

İran cüdoçularının dünya çempionatlarında yeddi il görünməməsi 2019-cu ildə Səid Mollayinin ətrafında yaşanan qalmaqalla bağlıdır. O, İsrail təmsilçisi Sagi Mukiyə qarşı mümkün görüşdən yayınması üçün ölkəsinin idman rəsmiləri tərəfindən təzyiqə məruz qaldığını açıqlamışdı.

Bundan sonra Mollayi İranı tərk edərək Monqolustanı təmsil etməyə başlayıb və həmin ölkənin heyətində Tokio Olimpiadasının gümüş medalını qazanıb. 2022-ci ilin mayında Azərbaycan millisinin heyətinə keçən cüdoçu 2024-cü ilin sonuna qədər yığmamızda çıxış edib. Bu müddətdə Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl, World Masters yarışında isə gümüş medal qazanıb. 2025-ci ilin fevralında Azərbaycan Cüdo Federasiyası Mollayinin artıq milli komandanın üzvü olmadığını rəsmən açıqlayıb.

Qalmaqaldan sonra Beynəlxalq Cüdo Federasiyası İran Cüdo Federasiyasını dörd il müddətinə – 2023-cü ilin sentyabrına qədər – yarışlardan kənarlaşdırıb. Ölkə cüdoçularının beynəlxalq arenaya qayıtmasından sonra da İran böyüklər arasında dünya çempionatında yalnız Bakıda yenidən təmsil olunub.

Lakin qayıdış uğurlu alınmayıb. Dünya reytinqində 95-ci pillədə qərarlaşan Pərhizqar ilk görüşündə sloveniyalı Nace Herkoviçə uduzaraq mübarizəni dayandırıb.

Tatamidə futbol əfsanəsi

Dördüncü gün gözlənilməz qonaqla da yadda qalıb.

1990-cı il dünya çempionu Lotar Matteus Milli Gimnastika Arenasına gələrək 63 kq çəki dərəcəsində medal qazanan cüdoçuların mükafatlandırma mərasimində iştirak edib.

Jurnalistlərlə, o cümlədən İdman.Biz-in müxbiri ilə söhbətində almaniyalı əfsanə Azərbaycana ilk dəfə gəldiyini və hələlik cüdonun bütün qaydalarını bilmədiyini etiraf edib.

Bununla belə, Matteus IJF prezidenti Marius Vizerlə uzun illərdir dost olduğunu bildirib. O, cüdoda idmançıların bir-birinə və hakimlərə göstərdiyi hörməti xüsusilə yüksək qiymətləndirdiyini vurğulayıb. Almaniyalının sözlərinə görə, futbolda bəzən məhz belə münasibət çatışmır.

Qeyd edək ki, cüdo üzrə Bakıda keçirilən dünya çempionatının dördüncü yarış gününün yekunlarına əsasən, Azərbaycan millisi medal sıralamasında ikinci pillədə qərarlaşıb. Yığmamızın aktivində 4 medal - 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat var.

Medal sıralamasına 8 medalla (6 qızıl, 2 bürünc) Yaponiya liderlik edir. Gürcüstan 3 medalla (1 qızıl, 1 gümüş, 1 bürünc) üçüncü, İspaniya 3 medalla (2 gümüş, 1 bürünc) dördüncü, İtaliya isə 2 medalla (1 gümüş, 1 bürünc) beşinci pillədədir.

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 11-dək davam edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑