Globalinfo.az Trend.az-a istinadla xəbər verir ki, ABŞ liderinin məsələ ilə bağlı çıxışının videoyazısını “Fox News” telekanalı yayımlayıb.
“Dələduzluq halları barədə məlumat verən şəxslər üçün mükafatlandırma proqramının başladığını elan etməkdən məmnunam. (…) Əgər kiminsə barəsində məlumat versəniz və, məsələn, 1 milyard dollar aşkar etsəniz, sizə 1 faiz məbləğində komissiya ödəyəcəyik”, – deyə prezident Oval kabinetdə jurnalistlərə bildirib.
Tramp əlavə edib ki, ödənişlərin həyata keçirilməsi barədə qərarı şəxsən özü verəcək. Yeni proqram çərçivəsində mükafat alan ilk şəxs 24 yaşlı bloqer Nik Şirli olub. Şirli “YouTube” platformasında yayımladığı videoda iddia edib ki, Minnesota ştatında Somalidən olan miqrantların yaratdığı bir sıra uşaq baxım mərkəzləri əslində yalnız kağız üzərində mövcuddur, lakin federal büdcədən vəsait almağa davam edir. Bir sıra rəsmi şəxslərin sözlərinə görə, sonradan məhz Şirlinin videosu ştatın maliyyələşdirilməsinin azaldılması üçün əsas olub.
ABŞ Ədliyyə Nazirliyindən bildirilib ki, mükafatların məbləği 10 min dollardan 30 min dollaradək olacaq. Proqramın maliyyələşdirilməsi üçün ümumilikdə 25 milyon dollar ayrılması planlaşdırılır.
Xatırladaq ki, ABŞ-də tətbiq olunmazdan öncə, Azərbaycanın Milli Məclisində müəyyən fərqlərlə analoji prinsipləri özündə ehtiva edən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihədə məlumat verən şəxslər üçün maddi həvəsləndirmə mexanizmi də müəyyən edilir. Verilmiş məlumat öz təsdiqini tapdıqda həmin şəxsə təşkilatın büdcəsi hesabına təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək. Mükafat məlumatın təsdiqlənməsi barədə məlumat verən şəxsə bildirildiyi tarixdən 10 iş günü ərzində verilməlidir.
Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Məbləğ müəyyənləşdirilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.
Bundan əlavə, cinayət təqibi nəticəsində xüsusi müsadirə edilmiş əmlakdan və ya pul vəsaitindən əldə olunan, yaxud dövlət büdcəsinə ödənilməsi təmin edilmiş məbləğin və ya dövlətə ödənilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödənilə bilər.




