İran uzun müddətdir davam edən səssizliyi pozdu. Özü də gözlənilməz tərzdə. Belə ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai brifinqdə çıxışı zamanı bildirib:
“Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm biz, həm Azərbaycan xalqı, həm də digər müsəlmanlar üçün önəmlidir. Fikrimcə, azərbaycanlılar öz əqidə və inanclarının qorunması üçün ölkələrinin mənafeyinin tələb etdiyi şəkildə öz səslərini hökumətlərinə ən yaxşı formada necə çatdırmağı yaxşı bilirlər”.
“Azərbaycan yaxşı münasibətlərə malik olduğumuz, aramızda dostluq və qardaşlıq əlaqələri olan ölkədir. Ümid edirik ki, Azərbaycanda sözügedən məsələ qarşılıqlı anlaşma şəraitində ümumi dəyərlər və xalqın əsas hüquqlarına hörmət nəzərə alınmaqla öz həllini tapacaq”, – deyə Bəqai əlavə edib.
İ.Bəqainin açıqlaması həqiqətən diqqət çəkir. Məsələn, bu açıqlama ilə Tehran Azərbaycanın hicab məsələsindəki siyasətini açıq şəkildə müdafiə etmədiyini, Azərbaycan hökumətinin qərarına birmənalı dəstək vermədiyini nümayiş etdirdi. Hicabın İran, Azərbaycan xalqı və digər müsəlmanlar üçün əhəmiyyəti də xüsusi vurğulandı.
Göründüyü kimi, bura qədər qeyri-adi heç nə yoxdur. Hətta deyərdim ki, bu, tipik İran yanaşmasıdır. Ancaq İ. Bəqai elə bir fikir səsləndirdi ki, hesab edirəm, məhz həmin cümlə xüsusi diqqət çəkir. O, azərbaycanlıların öz inanclarının qorunması üçün səslərini hökumətlərinə necə çatdırmağı özlərinin yaxşı bildiyini və məsələnin qarşılıqlı anlaşma şəraitində həll olunacağına ümid etdiklərini bildirdi.
Bu, diplomatik dildə sadə, amma mühüm bir mesajdır. Yəni dini dəyərlər əhəmiyyətlidir, lakin onların necə qorunacağına dair qərar Azərbaycan cəmiyyətinin və dövlətinin öz daxilində müzakirə edilməlidir.
İran süddən çıxmış ağ qaşıq deyil. Çünki biz İranın yeri gəldikdə dindən və ölkəmizdəki təsir qruplarından necə istifadə etdiyini də yaxşı bilirik. Hətta məlum qərardan sonra məktəblərdə keçirilən aksiyalarda təxribatlar törədilməsi, valideynləri və inanclı insanları ayağa qaldıran bəlli şəxslərin Tehranda təlimat aldığı da məlum idi. Lakin mövcud vəziyyətdə Tehran məsələyə təmkinli yanaşır və bunu rəsmi bəyanatında ifadə edir.
İndi gəlin, bu mövqeyi Türkiyədən gələn reaksiyalarla müqayisə edək. Azərbaycan cəmiyyətinin Türkiyədən gözlədiyi, İranın saxta olsa belə sərgilədiyi mövqe idi. Bəli, verilən qərarla razılaşmaya bilərsən, narahatlığını da bildirə bilərsən, dini dəyərlərin qorunmasını vacib saya bilərsən. Amma bütün bunları Azərbaycanın qərarvermə hüququna hörmət çərçivəsində ifadə etməlisən. Təəssüf ki, Türkiyənin bəzi siyasi dairələrindən və media məkanından gələn reaksiyalarda bu yanaşmanın əvəzinə sərt ittihamlar, qəti hökmlər və Azərbaycanı qərarından geri çəkilməyə çağıran ultimativ ton gördük.
Azərbaycanın daxili qərarları ilə bağlı narazılıq yarandıqda Türkiyədəki bəzi siyasi fiqurların və media nümayəndələrinin seçdiyi dil düşündürücüdür. Sanki Azərbaycanın öz təhsil siyasətini müəyyənləşdirmək, dövlət idarəçiliyinin qaydalarını formalaşdırmaq, dini inancla dünyəvi idarəçilik arasındakı münasibətləri öz hüquqi çərçivəsində tənzimləmək haqqı mübahisə mövzusudur. Halbuki Azərbaycan müstəqil dövlətdir. Onun qərarları müzakirə oluna bilər, tənqid edilə bilər. Amma başqa ölkənin siyasi dairələrinin narazılığı, diqtə etmək istəyi Azərbaycanın daxili qərarlarına veto hüququ yaratmır.
Dediyim kimi, pərdə arxasında kimin nə etməsindən asılı olmayaraq, Türkiyə və İranın diplomatik və rəsmi səviyyədə verdiyi reaksiyalar həqiqətən düşündürücüdür. Çünki İran İslam Respublikasıdır, Türkiyə isə dünyəvi dövlətdir. Yəni İranın rəsmi dini, hətta məzhəbi Konstitusiyada göstərildiyi halda, Türkiyədə bu göstərilməyib. Yəni Türkiyə rəsmi olaraq dünyəvi ölkədir. Eynilə Azərbaycan kimi. Buna baxmayaraq, Azərbaycanın daxili məsələsinə münasibətdə ortaya çıxan mənzərə gözlənilməz bir təzad yaradır. İranın rəsmi diplomatik dili qarşılıqlı anlaşmadan, Azərbaycan xalqının öz hökuməti ilə münasibətlərindən və ümumi dəyərlərə hörmətdən danışır. Türkiyədəki bəzi siyasi və media reaksiyalarında isə daha sərt, tələbkar, hətta Azərbaycanın qərarını qəbuledilməz elan edən yanaşma önə çıxır.
Yenə deyirəm, İranın açıqlamasını həddindən artıq romantikləşdirməyə ehtiyac yoxdur. Tehran öz maraqlarını düşünən dövlətdir və bu maraqlar dəyişə bilər. Azərbaycanla münasibətlərində də dini həmrəyliklə yanaşı, geosiyasi hesablamalar mövcuddur.
Lakin indiki məqamda İran ictimaiyyətində, İran dövlətinə məxsus media subyektlərində, təsir qruplarında və troll şəbəkələrində sakitlik hökm sürür. AKP-yə bağlı media subyektləri və troll şəbəkələri isə açıq hücuma keçib, təhdid, söyüş və təhqir ritorikasını seçib.
Bizi üzən, düşündürən və təəssüfləndirən məqam budur!
Turan Rzayev
Globalinfo.az-ın siyasi yazarı


