Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə Cümhuriyyətinin 103-cü, türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yaydığı yazılı açıqlaması diqqət çəkib. Açıqlamada qeyd olunub ki, Azərbaycan və Türkiyə qardaşlığı gündəlik proseslərin çərçivəsinə sığdırılmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir.
Baxçalı qeyd edib ki, eyni həssaslıq Türk dünyasının bütün qardaş dövlətlərinə də aiddir.
“Heç bir fikir ayrılığının artmasına yol verilməməlidir, heç bir münaqişə daimi ayrılığa çevrilməməli və aramızda heç bir nifaq toxumu səpilməməlidir. Qardaşlıq bağları qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qorunur”.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Dövlət Baxçalının son açıqlaması Azərbaycan-Türkiyə münasibətlərində problemlərin aradan qaldırılması, ümumilikdə Türk dünyasında birliyin gücləndirilməsi mesajı idi:
“Bu, Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsindən öncə birlik çağırışı hesab oluna bilər. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında gərginliyin tam aradan qalxmadığına dair narahatlıq mesajıdır. Baxçalının mesajı bu gərginlikləri tamamilə aradan qaldırmaq, qardaşlığın dövlət münasibətlərində əsas xətt kimi götürülməsini davam etdirmək çağırışıdır. Lakin həm də Türkiyə daxilində Azərbaycana qarşı cəbhə alan, son gərginliyi yaradanlara da ünvanlanıb. Bu qüvvələrin hakimiyyət daxilində olduğu, yaxud onlar tərəfindən istiqamətləndirildiyi bəllidir.

Asif Nərimanlı
Türkiyədə iqtidar ortağı olan Baxçalı məhz bu qüvvələrə millətçi kəsimin mövqeyini çatdırdı və bununla Azərbaycanın yanında olduqlarını bəyan etdi. Əslində, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilindəki qüvvələrin Azərbaycana qarşı informasiya hücumları ilə nəticə əldə edə bilməməsində MHP-nin ciddi rolu oldu. Millətçi kəsim bu missiyanı davam etdirir”.
Turan Rzayev
Globalinfo.az



