Fransanın müxtəlif bölgələrində təxminən 500 etiraz aksiyası və 90-dan çox nümayişin keçirilməsi planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Fransa hökumətindəki mənbələr xüsusilə Parisdə və digər böyük şəhərlərdə iğtişaşların baş verə biləcəyini bəyan ediblər.
Mənbələrin sözlərinə görə, ultra-solçu qruplar vahid blok şəklində hərəkət edərək, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya girmək və yürüş marşrutları boyunca zorakılıq aktları törətməyə cəhd göstərmək kimi ənənəvi üsullarla vəziyyəti gərginləşdirmək istəyirlər.
Fəallar oktyabrın 17-də keçiriləcək aksiyaları “Sarı jiletlər” hərəkatının yenidən başlanması kimi təqdim edirlər. Həmin gün Parisdə keçiriləcək nümayişə 20-40 min nəfərin qatılacağı gözlənilir.
Fransanın sağçı millətçi “Milli Birlik” partiyasının lideri Jordan Bardella isə etiraz hərəkatını ultra-solçu qrupların prezidentliyə namizədi, “Tabe olmayan Fransa” partiyasının nümayəndəsi Jan-Lük Melanşonu dəstəkləmək üçün bir araya gəlməsinə bəhanə kimi qiymətləndirib.
Fransada dövlət qulluqçularının, həmkarlar ittifaqları fəallarının və şagirdlərin etirazları artıq bir aya yaxındır davam edir. İşçilər əməkhaqlarının artırılmasını, şagirdlər isə təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Ən kütləvi aksiyalar yuxarı sinif şagirdləri arasında qeydə alınıb. Sentyabrın ortalarından bəri ölkədə etirazlarla əlaqədar saxlanılanların sayının təxminən 7 minə çatdığı bildirilir.
Əliyar Xəlil





