“The Wall Street Journal” nəşri ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Prezident Donald Trampın tapşırığı ilə sülh danışıqlarını bərpa etmək məqsədilə İran rəsmisi Möhsün Rezaiyə məktub göndərdiyini yazıb.
Məlumata görə, bu təşəbbüs gələn həftə keçiriləcək aralıq seçkilərindən sonra ABŞ-ın İrana mümkün yeni hücumunun qarşısını almağa yönəlib. Bildirilir ki, müzakirələr konkret sülh təklifindən daha çox danışıqların çərçivəsi ilə bağlıdır. Vaşinqton nüvə proqramı ilə əlaqədar güzəştlər, Tehran isə iqtisadi sanksiyaların dərhal yüngülləşdirilməsini istəyir.
Bəs bu təşəbbüs İrana mümkün hücumun qarşısını ala biləcəkmi? Tehranın cavabı necə olacaq?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, təşəbbüsü hər iki tərəfin maraqları baxımından müsbət qiymətləndirmək olar:
“İranın ABŞ ilə düşmən münasibətlərində olsa belə, bu cür təkliflərə müsbət yanaşması sülhün gələcəyi baxımından əhəmiyyətlidir. Çünki müharibə və toqquşmalar böyük itkilər deməkdir. Özü də bu itkilər təkcə İrana deyil, hər iki ölkəyə aiddir.
Bütün bunların baş verməməsi üçün İran tərəfi nüvə məsələsində müəyyən güzəştlərə getməlidir ki, bunun müqabilində sanksiyaların aradan qaldırılması təmin olunsun.
Hesab edirəm ki, mümkün hücum əməliyyatları ilə bağlı risklərin artdığı bir mərhələdə belə bir ssenari baş verərsə, İran bunun qarşısını almaq gücündə olmayacaq. Ona görə də ssenari belə inkişaf edə bilər: İran ABŞ-ın təklifinə razılıq verəcək, lakin bu razılığın əsas məqsədi faktiki öhdəlikləri yerinə yetirməkdən daha çox vaxt qazanmaq olacaq”.
Turan Rzayev
Globalinfo.az




