Türk Dövlətləri Təşkilatının (TDT) genişlənməsi ilə bağlı təklif siyasi müzakirələrə səbəb olub. Belə ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiyanın təşkilata daxil edilməsi təklifinə Ankaradan mənfi cavab verilib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını bildirib.
Tokayev bu cavaba hansı reaksiyanı verəcək? Rusiya TDT-ni parçalaya bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, əslində, Tokayevin təklifi düşündürücüdür:
“Bu təşəbbüsü birmənalı şəkildə nə müsbət, nə də mənfi qiymətləndirmək doğru olar. Ola bilsin ki, Tokayevin də qeyd etdiyi kimi, bu təklif Rusiya ərazisində yaşayan türk xalqlarının mənafeyi və maraqları nəzərə alınaraq irəli sürülüb. Eyni zamanda, Rusiya Federasiyasında çoxsaylı türk xalqlarının yaşaması və tarixi torpaqlarımızın böyük bir hissəsinin hazırda Rusiyanın ərazisinə daxil olması da reallıqdır. Bu baxımdan təklifi müəyyən qədər anlamaq mümkündür. Lakin Federasiyanın tarixinə nəzər saldıqda görürük ki, kiçik Moskva çarlığından böyük imperiyaya çevrilmə prosesi yalnız slavyan və Avropa torpaqlarının hesabına baş verməyib. Rusiya ərazisinin böyük bir hissəsi, o cümlədən Sibir, Ural və Qafqaz kimi bölgələr türk xalqlarının qədim torpaqları ilə bağlıdır. Məsələnin digər tərəfi isə odur ki, Moskva çarlığından Çar Rusiyasına, Sovet Rusiyasına və nəhayət, Rusiya Federasiyasına çevrilən dövlət ruslaşdırma siyasəti nəticəsində türk xalqlarının dillərinə, mədəniyyətlərinə, milli-mənəvi dəyərlərinə, ənənələrinə ciddi zərbə vurub. Bu, tarixi reallıqdır. Rusiya Federasiyası Çar Rusiyasının və Sovet Rusiyasının varisliyindən imtina etməyib. Belə olan halda onun Türk Dövlətləri Təşkilatına üzv qəbul edilməsi, əlbəttə, qəbuledilməzdir”.
Faiq Ələkbərli
Siyasi şərhçi bildirib ki, Kürşad Zorlunun bu yöndə açıqlaması məntiqlidir:
“Belə ki, vaxtilə bəzi türk xalqları TÜRKSOY və digər qurumlara cəlb olunsalar da, sonradan Rusiyanın müdaxiləsi ilə həmin prosesdən kənarlaşdırılıblar. Tokayev özü də bu məsələləri bizdən daha yaxşı bilir və qeyd etdiyim tarixi reallıqlardan kifayət qədər xəbərdardır. Görünür, məsələnin arxa planında bilmədiyimiz müəyyən məqamlar var. Ola bilsin ki, Tokayev məhz bu səbəblərdən Rusiyanı ən azı müşahidəçi qismində təşkilata dəvət etməyi təklif edib. Hesab edirəm ki, Tokayevin bu məsələyə münasibəti də qarşılıqlı anlaşma çərçivəsində olacaq. Ümid edirəm ki, TDT rəhbərləri ilə müvafiq qurumlar məsələni hərtərəfli nəzərdən keçirərək ortaq anlaşma əsasında qərar verəcək və fəaliyyətlərini davam etdirəcəklər.
Rusiyanın TDT-də təmsil olunması təşkilatın daxilində parçalanmaya səbəb ola, həmçinin müəyyən məsələlər üzrə təsir imkanlarını artırmasına şərait yarada bilər. Nəzərə almaq lazımdır ki, Federasiyanın bir çox dövlətə, o cümlədən müstəqil türk dövlətlərinə ciddi təsir imkanları var. Buna görə də məncə, hələlik bu məsələnin açıq saxlanılması daha məqsədəuyğundur. Rusiyanın hətta müşahidəçi qismində belə TDT-də təmsil olunmaması daha doğru olardı”.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) 5 tamhüquqlu üzvü Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi dövlətlər isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır.
Ləman İmran
Globalinfo.az




