Polşada Konstitusiya Tribunalı ətrafında başlayan siyasi böhran və gərginlik yeni müstəviyə keçib. Rəsmi Varşava ölkədə yaranan iğtişaşlarda xarici iz aramağa çalışır.
Globalinfo.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkə hesabında bəyanat yayaraq, ölkədəki siyasi böhranda Rusiyanı ittiham edib.
“Biz bir tərəfdən Rusiya akkountları və təbliğat resursları, digər tərəfdən isə qlobal ifrat sağçı hərəkatların nümayəndələri arasında misli görünməyən əməkdaşlıq miqyası ilə üz-üzəyik. Bu, aydın görünən bir ittifaq və ya ən azı əlaqələndirilən fəaliyyətdir”.
Sikorski əlavə edib ki, polşalılar ölkədə kimin nifaq salmağa çalışdığı barədə ciddi düşünməlidirlər.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşada başlayan siyasi böhranda “Rusiya izi” axtarılması ideyasını ələ salıb
Xatırladaq ki, oktyabrın 30-u axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Məhkəmənin sədri Boqdan Svençkovskini vəzifəsindən kənarlaşdırmaq cəhdindən sonra Varşavadakı Konstitusiya Tribunalının binasını mühasirəyə alıblar. Regionda siyasi gərginlik yüksək həddə qalmaqdadır.
Əliyar Xəlil,
Globalinfo.az

