Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycana səfərə gəlib. Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib.
Kadırovun səfəri dörd məqam baxımından diqqət çəkir:
Birincisi, bu, onun Azərbaycana sayca üçüncü səfəridir. Kadırov bundan öncə 15 noyabr 2012-ci il və 27 noyabr 2018-ci ildə ölkəmizə səfər edib.
İkincisi, R.Kadırov Çeçenistanda keçirilən seçkilərdə 99,85 faiz səs toplayıb. Bu, onun seçkidən sonra ilk xarici səfəridir.
Üçüncüsü, Rusiya Prezidenti Vladimir Putin R.Kadırova general-polkovnik rütbəsi verib.
Dördüncüsü və ən önəmlisi, 2024-cü ildə AZAL təyyarəsinin Qroznı səmasında vurulmasından sonra bu, R.Kadırovun Azərbaycana ilk səfəridir.
AZAL təyyarəsinin vurulmasına görə Bakı ilə Moskva arasında yaranan gərginlik zamanla soyuqluğa keçsə də, təyyarənin Qroznı səmasında vurulması, habelə hadisədə çeçen hərbçilərin günahkar olması və hətta məsul şəxsin Kadırovun qohumlarından biri olması Çeçenistanla Bakı arasında da gərginliyə səbəb olmuşdu. Hətta R.Kadırov təzminat xarakterli həlak olanların yaxınlarına pul təklif etsə də, Bakı bunu birmənalı şəkildə rədd etmişdi.
Lakin hadisənin üzərindən iki ilə yaxın vaxt keçib və bu müddətdə Bakı-Moskva xəttində nəzərəçarpacaq dərəcədə yumşalma hiss olunur. Düzdür, etimadın əvvəlki kimi olduğunu demək olmaz, lakin gərginliyin yerini neytrallığa və yumşalmaya verdiyi də bəllidir. Belə olan təqdirdə, Bakının Kremlə tabe olan Qroznı ilə münasibətlərdə də gərginliyi uzatmaq istəmədiyi görünür.
Prezident İlham Əliyevin Ramzan Kadırovu qəbul edərkən, “Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz. Sizi burada görməyimizə həmişə şadıq”, – deməsi, həmçinin Kadırovun, “Şəxsən mənim üçün bu, Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın Çeçenistan Respublikasının birinci Prezidenti Əhməd Kadırov arasında qardaşlıq münasibətidir. Allah onların hər ikisinə rəhmət eləsin”, – deməsi, eləcə də “2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir”, – sözləri ilə başsağlığı verməsi tərəflər arasında buzların əridiyini və münasibətlərin əvvəlki məcrasına qayıtdığını göstərir.
Çeçenistan müstəqil ölkə deyil, Rusiya Federasiyasının bir subyektidir. Bakı Kremli bərabərhüquqlu ölkə kimi görür və münasibətlərdə də bunu tələb edir. Qroznı-Bakı münasibətləri Moskva-Bakı münasibətlərinin tərkib hissəsidir.
Çeçenistanın başçısı Ramzan Kadırovun Prezidentə Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istədiyini deməsi münasibətlərin gələcəyi baxımından müsbət jestdir.
Azərbaycan kin və nifrət saxlayan ölkə deyil. Sülh, sabitlik və konstruktiv münasibətlər dövlət siyasətinin prioritetlərini təşkil edir. Lakin gələcəkdə bənzər hadisələr və ya hörməti pozacaq davranışlar, addımlar atılarsa, Azərbaycanın yanaşması da sərt olacaq.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

