Dünya · Globalinfo.az

İki ölkədən Rusiyanı qəzəbləndirəcək birləşmə – Kritik ərazi üçün anons verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İki ölkədən Rusiyanı qəzəbləndirəcək birləşmə – Kritik ərazi üçün anons verildi xəbəri üçün şəkil

Noyabrın 2-də Moldovanın müdafiə naziri Anatoli Nosatı və Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea müvafiq saziş imzalayıblar. İmzalanan yeni hərbi əməkdaşlıq sənədi iki ölkənin müdafiə sahəsində inteqrasiyasını daha da gücləndirən addım kimi qiymətləndirilir.

Ekspertlər bunu Moldovanın Rusiyanın təsir dairəsindən çıxması kimi şərh edir. Amma digər tərəfdən, ortada Dnestryanı reallığı var.

Moskvanın məsələyə reaksiyası necə olacaq? Növbəti “Ukrayna” Moldova ola bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, 2008-ci ildə Gürcüstanda baş verən hadisələri, ardınca 2014-cü ildə Krımın ilhaqını və 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasını xatırlamaq lazımdır:

“Bu proseslərdən sonra keçmiş postsovet məkanına daxil olan bir çox dövlət Rusiyanı öz milli təhlükəsizliyi üçün daha ciddi təhdid kimi görməyə başladı. Bu ölkələr arasında Moldova xüsusi yer tutur. Çünki ölkənin ərazisində Rusiyanın hərbi-siyasi təsirinin qorunub saxlanıldığı Dnestryanı kimi münaqişə bölgəsi mövcuddur. Ona görə də Moldovanın Rumıniya ilə hərbi və siyasi əməkdaşlığı dərinləşdirməsi, təhlükəsizlik sahəsində daha sıx əlaqələr qurması təsadüfi deyil. Unutmayaq ki, Rumıniya NATO üzvüdür. Moldova bu ölkə ilə münasibətlərini gücləndirməklə gələcək təhlükəsizliyini müəyyən mənada sığortalamağa çalışır.

Bununla belə, Moldovanın artıq Rusiyanın təsir dairəsindən tamamilə çıxdığını söyləmək düzgün olmazdı. Çünki Rusiyanın bu ölkədə kifayət qədər güclü təsir imkanları qalmaqdadır və bu, cəmiyyət daxilində də özünü açıq şəkildə göstərir. Seçkilər zamanı qərbyönlü və Rusiyayönlü siyasi qüvvələr arasında müşahidə olunan rəqabət bunun bariz nümunəsidir. Prezident Maya Sandunun qalib gəlməsinə baxmayaraq, Rusiyaya yaxın mövqeyi ilə seçilən siyasi qüvvələrin 40 faizdən artıq seçici dəstəyi əldə etməsi Moldovada Rusiyanın ictimai-siyasi təsirinin hələ də əhəmiyyətli olduğunu göstərir. Bu mənada, ölkənin Rusiyanın təsirindən tamamilə xilas olduğunu iddia etmək tezdir”.

Cavansir 675x900 1
Cavanşir Abbaslı 

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna təcrübəsi də cəmiyyətdəki siyasi parçalanmanın gələcəkdə dövlətin taleyinə ciddi təsir edə biləcəyini göstərir:

“2004-cü ildə Ukraynada Viktor Yanukoviçlə Viktor Yuşşenko arasında kəskin seçki mübarizəsi yaşanmışdı. Seçkinin nəticələri ilə bağlı yaranan böhran və “Narıncı inqilab”dan sonra Yuşşenko hakimiyyətə gəlsə də, Ukraynada Rusiyayönlü siyasi qüvvələrin mövqeyi aradan qalxmadı. Sonrakı illərdə Yanukoviçin yenidən hakimiyyətə gəlməsi və 2014-cü ildə baş verən hadisələr ölkədəki geosiyasi qarşıdurmanın nə qədər dərin olduğunu üzə çıxardı. Moldova da bu təcrübəni nəzərə almalı, siyasi seçimlərin və cəmiyyət daxilindəki parçalanmanın doğura biləcəyi nəticələri unutmamalıdır.

Bütün bunlara baxmayaraq, Moldova ilə Rumıniya arasında əməkdaşlığın dərinləşdirilməsi ölkənin gələcəyi baxımından mühüm addımdır. Rusiyanın bu prosesə necə reaksiya verəcəyini isə zaman göstərəcək. Hesab edirəm ki, Moskva hələlik bu yaxınlaşmanı Moldovanın onun təsir dairəsindən tam çıxması kimi qəbul etməyəcək. Çünki Rusiyanın əlindəki ən mühüm təsir rıçaqlarından biri məhz Moldova cəmiyyətindəki mövcud siyasi meyillərdir. Ölkə əhalisinin üçdə birindən çoxunun Rusiyayönlü siyasi qüvvələrə dəstək verməsi ciddi amildir. Bu göstərici öz-özlüyündə hakimiyyəti dəyişmək üçün yetərli olmasa da, gələcək siyasi proseslərə təsir göstərmək baxımından kifayət qədər əhəmiyyətlidir.

Digər tərəfdən, Moldova Prezidenti Maya Sandu dəfələrlə ölkəsi ilə Rumıniyanın birləşməsi məsələsinə münasibət bildirib və bu ideyaya müsbət yanaşdığını ifadə edib. Ancaq belə bir qərarın reallaşdırılması hazırkı şəraitdə olduqca çətindir. Sandu da yaxşı anlayır ki, bu istiqamətdə atılacaq addımlar ölkə daxilində ciddi siyasi müqavimətlə üzləşə bilər. Rusiya isə Moldovadakı mövcud təsir imkanlarından istifadə edərək belə bir birləşmənin qarşısında ciddi maneələr yaradar. Ona görə də Rumıniya ilə yaxınlaşma Moldovanın təhlükəsizliyi və gələcək geosiyasi istiqaməti baxımından mühüm olsa da, bu prosesin qısa müddətdə ölkənin tamamilə Rusiyanın təsirindən çıxması ilə nəticələnəcəyini düşünmək doğru olmaz”.

Turan Rzayev
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑