“Hazırda ABŞ prezidenti Donald Trampın, Çin sədri Si Cinpinin və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli yüksək səviyyəli görüşün təşkili istiqamətində iş aparılır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Financial Times” (FT) nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, görüşün bu ilin noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində baş tutması nəzərdə tutulur.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl təsdiqləyib ki, APEC sammiti çərçivəsində Putin və Tramp arasında ikitərəfli görüşün təşkili hələlik razılaşdırılmayıb. Çünki indiyədək əsas müzakirə mövzusu üçtərəfli təmas olub. Bununla belə, Uşakov qeyd edib ki, bu cür böyük beynəlxalq sammitlər ünsiyyət üçün geniş imkanlar yaradır.
O, liderlərin gələcək üçtərəfli görüşünün təşkili və hazırlıq işlərinin artıq aparıldığını vurğulayıb. Uşakovun sözlərinə görə, həm Moskva, həm Pekin, həm də Vaşinqton belə bir görüşün keçirilməsinə hazırdır.
Əliyar Xəlil
Globalinfo.az




