Ölkə · Globalinfo.az

Dünyəvi dövlət və milli kimlik: Azərbaycanın qarşısında hansı vəzifələr dayanır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyəvi dövlət və milli kimlik: Azərbaycanın qarşısında hansı vəzifələr dayanır? xəbəri üçün şəkil

Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması, milli kimliyin möhkəmləndirilməsi və dini-etnik müxtəlifliyin vahid dövlətçilik ideyası ətrafında birləşdirilməsi yenidən müzakirə mövzusuna çevrilib. Deputat Zahid Oruc çıxışında Azərbaycanın tarixi dövlətçilik ənənələrinə toxunaraq milli birliyin və suverenliyin qorunmasının vacibliyini vurğulayıb.

Azərbaycanın dünyəvi dövlət modelinin qorunması və milli kimliyin möhkəmləndirilməsi suverenliyin gələcəkdə daha da gücləndirilməsinə necə təsir edə bilər?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, hər bir dövlətin müstəqilliyi və suverenliyinin əsas şərtlərindən biri onun dövlət quruluşunun necə formalaşmasından asılıdır:

“Milli-etnik kimliyə və milli-mənəvi dəyərlərə əsaslanan, qanunun aliliyi prinsipini tətbiq edən, ölkədə yaşayan vətəndaşların dini və etnik mənsubiyyətindən asılı olmayaraq hüquqlarını təmin edən dövlətlər təbii ki, güclü dövlətlərdir. Belə dövlətlər vətəndaşların təhlükəsizliyinin təminatçısı kimi çıxış edir və onların hüquqlarını qoruyur. Bu baxımdan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünyəvi dövlət modelini seçib. Son 35 ildə ölkədə yaşayan bütün xalqların və etnik qrupların hüquqlarının təmin olunması konstitusion səviyyədə təsbit edilib. Bununla bağlı ayrıca Prezident sərəncamı da var”.

Politoloq bildirib ki, Azərbaycan milli, etnik və dini ayrı-seçkiliyə imkan verməyən dövlət modelinə malikdir və multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir:

“Məhz bu göstəricilərinə görə Azərbaycan dünyada nadir ölkələrdən biri hesab edilir. Şübhəsiz ki, hazırkı dövrdə dövlət quruluşuna təhdidlər yalnız hərbi güc və təhlükəsizlik müstəvisindən deyil, eyni zamanda ideoloji istiqamətdən də gəlir. Bu baxımdan hər bir dövlətin, o cümlədən Azərbaycanın əsas vəzifələrindən biri də məhz bu təhdidlərin qarşısını almaqdır.

oqtay qasimov 11 900x598 2

Oqtay Qasımov

Bunun üçün milli kimliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi vacib prioritet istiqamətlərdən birinə çevrilir. Azərbaycan vətəndaşlarına ailədə, məktəbdə, universitetdə və həyatın digər mərhələlərində bu keyfiyyətlər aşılanmalı, onlarda bu məsələlərlə bağlı vətəndaş mövqeyi formalaşdırılmalıdır. Bu keyfiyyətlər olduqca vacib amildir”.

O.Qasımov Prezidentin YAP-ın qurultayında çıxışını xatırladıb:

“Azərbaycan Prezidentinin YAP-ın qurultayında bu məsələlərə xüsusi toxunması və bununla bağlı mesajlar verməsi göstərir ki, Azərbaycan dövləti və hakimiyyəti bu məsələlərə olduqca ciddi yanaşır. Milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükələrə qarşı tədbirlərin görülməsi istiqamətində kompleks addımların atılması nəzərdə tutulur. Əlbəttə ki, milli kimliyin qorunması, dini və etnik müxtəlifliyin azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşdirilməsi indiyədək öz nəticələrini verib. Vətən müharibəsində bunun əyani şahidi olduq, sübutunu gördük. Bu istiqamətdə addımlar davamlı şəkildə artırılmalıdır ki, Azərbaycanın müstəqilliyi və suverenliyi daha da möhkəmlənsin, müasir dövrün təhlükəli çağırışlarına qarşı dövlətin müqavimət immuniteti güclü olsun”.

Zaira Akifqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑