Ölkə · Globalinfo.az

Bu şagirdlərin valideynləri 100 manat cərimə olunacaq? – AÇIQLANDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu şagirdlərin valideynləri 100 manat cərimə olunacaq? – AÇIQLANDI xəbəri üçün şəkil

Azərbaycanda bir ay ərzində 7 gün dərsə gəlməyən şagirdlərin valideynlərinə 100 manat cərimə tətbiq edilməsi barədə məlumat yayılıb. Lakin bir qisim bu iddianın həqiqəti əks etdirmədiyini bildirib.

Globalinfo.az-a danışan əməkdar müəllim Sona Əliyeva deyib ki, həmin valideynlərin 100 manat cərimələnməsi barədə məlumat yanlışdır:

“Bu norma 2015-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə əlavə edilmişdi, cəmi dörd ay sonra, 2016-cı ilin aprelində isə ləğv olundu. Bunun bir neçə səbəbi var:

Birincisi, onun praktikada tətbiqi mümkün olmadı. Hələ 2016-cı ilin əvvəlində Təhsil Nazirliyi açıqlamışdı ki, dərs buraxmağa görə cərimələnən valideyn olmayıb.

İkincisi, cərimə problemin kökünü həll etmirdi. Uşaq kasıblıq, ailə problemi, uşaq əməyi üzündən məktəbə gəlmirsə, 100 manat cərimə onu sinfə qaytarmır, ailəni daha da ağır vəziyyətə salır.

Üçüncüsü, cəmiyyətdə bu addıma ciddi etiraz var idi. Ekspertlər o zaman da deyirdilər ki, məktəbin problemlərini cərimə hesabına həll etmək doğru deyil”.

sona eliyeva

Sona Əliyeva

S.Əliyevanın sözlərinə görə, cərimənin olmaması valideyni məsuliyyətdən azad etmir:

“Qanunvericilik valideynin uşağının təhsilini təmin etmək vəzifəsini saxlayır. Valideyn məsuliyyətə yalnız qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyi sübut olunduqda cəlb edilə bilər. Yəni uşağın sadəcə 7 gündən çox dərs buraxması valideynin avtomatik cərimələnməsi üçün əsas deyil”.

Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyinin qaydalarına görə, icbari təhsildən yayınan şagirdlərin uçotu aparılmalı və onların təhsilə cəlb edilməsi üçün tədbirlər görülməlidir:

“Şagird dərs buraxanda valideyn onun məktəbə qayıtdığı ilk gün izahat və ya tibbi arayış təqdim etməlidir. Sinif rəhbəri, məktəb psixoloqu və sosial pedaqoq davamiyyətsizliyi ilk günlərdən izləməli, ailə ilə əlaqə saxlamalıdır. Səbəb maddi çətinlikdirsə, sosial xidmətlər, uşaq əməyi və ya erkən nikahdırsa, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar işə qoşulmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑