Tehran ABŞ-ın “bütün bombaların anası” adlandırılan aviabombasından daha güclü silaha malikdir.
Globalinfo.az xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Zeynivənd deyib.
Narahat olmayın, onlarda ‘bütün bombaların anası’ varsa, bizdə də ‘bombaların nənəsi’ mövcuddur”, – Zeynivənd bildirib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonun istifadə edəcəyi istənilən silaha cavab vermək imkanına malikdir.
Lakin İran rəsmisinin bəhs etdiyi silahın adı, texniki xüsusiyyətləri və sınaq nəticələri açıqlanmayıb. İranın eyni sinfə aid daha güclü silaha sahib olması barədə hələlik müstəqil təsdiq yoxdur.
İran parlamenti sədrinin müavini Həmidrza Hacıbabayi də Vaşinqtonun güclü bombadan istifadə edəcəyi təqdirdə Tehranın “bütün raketlərin atası” ilə cavab verəcəyini açıqlayıb.
“Biz ‘bütün raketlərin atası’ ilə cavab verəcəyik. Amerikanın bütün bomba növlərini nəzərə almışıq və onlara qarşı necə hərəkət edəcəyimizə dair planımız var”, – o vurğulayıb.
Qeyd edək ki, söhbət ABŞ arsenalında yer alan “GBU-43/B” aviabombasından gedir. Kütləsi 9,5 tondan çox olan bu bomba ABŞ-ın ən güclü qeyri-nüvə bombası hesab olunur.
CNN telekanalı daha əvvəl ABŞ hərbçilərinə istinadən xəbər verib ki, İrana qarşı zərbələr yenidən başlayacağı təqdirdə Vaşinqton bu bombadan istifadə edəcək.
Əliyar Xəlil




