Son günlər Azərbaycanda məktəblərdə hicab məsələsi ətrafında yaranan müzakirələr geniş müzakirələrə səbəb olub. Bununla yanaşı, bəzi dini çevrələrin reaksiyası da diqqət çəkir. Hicab mövzusu bəzən hüquqi və ictimai polemikadan çıxarılaraq siyasi qarşıdurma müstəvisinə daşınır. Hicabı mübahisə predmeti deyil, qarşıdurma səngərinə çevirən yanaşmaların kimə və nəyə xidmət etdiyi isə ayrıca sualdır.
Dini geyim mövzusunun siyasi və ideoloji qarşıdurma vasitəsinə çevrilməsi nə dərəcədə doğrudur? Hicabı barrikadaya çevirərək Azərbaycanı hədəfə alan çağırışların arxasında hansı məqsədlər dayanır?
Globalinfo.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, Azərbaycan dəfələrlə bu məsələyə münasibətini bəyan edib:
“Prezidentimizin mövqeyi ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və heç kim ölkəmizin daxili işlərinə qarışmamalıdır. Xalqımızın öz həyat tərzi var. Biz başa düşürük ki, hicab məsələsi bu gün Türkiyə və bir sıra müsəlman ölkələri üçün həssas mövzudur. Lakin Azərbaycan bir daha vurğulayır ki, müstəqil siyasət həyata keçirir və heç kim ölkəmizin daxili işlərinə qarışmamalıdır”.
Ceyhun Məmmədov
Deputat bildirib ki, ölkəmizə qarşı atılan bu cür addımlar yaxşı hal deyil:
“Azərbaycana yönəlik belə davranışlar, bu istiqamətdə fəaliyyət qəbuledilməz və yolverilməzdir. Xüsusilə də bu cür addımların müsəlman ölkələri tərəfindən atılması birmənalı şəkildə pislənməli və əsaslandırılmayan hesab edilməlidir”.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, sözügedən hücumların əsas məqsədlərdən biri Azərbaycan-Türkiyə birliyini sarsıtmaqdır:
“Bu istiqamətdə müəyyən cəhdlər edilir, siyasətdə belə hallara rast gəlinir. Lakin baş verənlər reallaşarsa, hər iki dövlət üçün strateji itkilərə səbəb ola bilər. Çünki hesablaşma dövrünə qədəm qoyuruq və üç imperiyanın qovşağında yerləşən Azərbaycanın güclü mövqeyə malik olması böyük əhəmiyyət daşıyır. Türkiyə Azərbaycan olmadan nə Türk dünyası, nə də Orta Asiya ilə bağlı gələcək siyasətini istənilən səviyyədə inkişaf etdirə bilər. Bu birliyin əleyhinə olan ölkələrin mövqeyinə nəzər salsaq, ilk növbədə Rusiya və İranla bağlı müəyyən ipuclarını görmək mümkündür”.
Əziz Əlibəyli
Ekspert əlavə edib ki, Azərbaycan İslam dünyasında mühüm uğurlar əldə etmiş dövlətdir və hörmətə malikdir:
“Ölkəmiz eyni zamanda, böyük təşəbbüslərlə çıxış edir. Belə bir şəraitdə Azərbaycanı dini münaqişələrin kölgəsinə çəkmək və onun əldə etdiyi müsbət üstünlükləri zəiflətmək cəhdləri ola bilər. Bu, çox incə məsələdir. Söhbət dindən, inancdan və etiqaddan gedir. Bütün bu məqamlar bir-birinə qarışdırılır, sosial medianın imkanlarından da istifadə olunaraq mümkün qədər xaos yaradılır”.
Ləman İmran
Globalinfo.az




