İsveçin Baş naziri Ulf Kristersson Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqların Avropanın vahid mövqeyini poza biləcəyindən narahatlığını ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Dagens Nyheter” nəşri məlumat yayıb.
Kristersson Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubbun Putinlə telefon danışığına başlamazdan az əvvəl bundan xəbər tutduğunu deyib. İsveçin baş naziri açıqlama verən zaman söhbətin məzmunundan hələ xəbərsiz olub və danışıqların nəticə verəcəyinə şübhə ilə yanaşıb.
“Fikrimcə, Ukraynada sülhü hamı istəyir, təkcə Putinin özündən başqa. Bu cür danışıqlara böyük ümidlər bəsləmirəm”, – deyə o, bildirib.
Rusiya lideri ilə danışıqların məqsədəuyğunluğu barədə suala cavab verən Kristersson bunun nəticələrdən asılı olduğunu vurğulayıb.
“Avropanın vahid mövqeyini parçalaya biləcək danışıqlar aparmaq risklidir. Mən onların bunu etdiklərini demirəm. Hələ həmin danışıqlarda nələrin müzakirə olunduğunu bilmirəm”, – deyə İsveç hökumətinin başçısı qeyd edib.
Kristerssonun fikrincə, Rusiyanın cəbhədəki fəaliyyəti Moskvanın sülhə hazır olduğunu göstərmir.
“Rusiyanı Ukraynanın şərtləri əsasında layiqli sülhə daha çox meyilli edən danışıqlar əlbəttə ki, müsbətdir. Lakin mənim təcrübəmə görə, indiyədək Almaniya və Fransanın apardığı danışıqlardan əldə olunan nəticələr çox məhdud olub. Rusiyanın hər gün cəbhədə etdiklərinə baxsaq, onun sülhə can atdığını göstərən heç nə görə bilmərik. Rusiya sülh deyil, tabeçilik yaratmağa çalışır”, – deyə Kristersson yekunlaşdırıb.
Əliyar Xəlil




