Süni intellekt (AI) artıq uşaqların da gündəlik istifadə etdiyi vasitələrdən birinə çevrilir. Uşaqlar dərs, oyun, məlumat axtarışı və müxtəlif suallar üçün AI platformalarına müraciət edir, lakin onların süni intellektlə nə qədər təhlükəsiz ünsiyyət qurduğu sual doğurur. Bu baxımdan uşaqların AI-dan istifadəsinə yaş məhdudiyyəti qoyulması məsələsi də gündəmə gəlir.
Uşaqların süni intellektdən istifadəsinə yaş məhdudiyyəti qoyulmalıdırmı? Uşaq AI ilə danışarkən hansı risklərlə üzləşə bilər?
Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, süni intellektdən istifadə üçün müəyyən yaş məhdudiyyətinin olması məqsədəuyğundur:
“Çünki uşaqlar qarşılaşdıqları məlumatın doğru yaxud yanlış olduğunu böyüklər qədər asan ayırd edə bilmirlər. AI bəzən uşağın yaşına uyğun olmayan məlumat verə bilər. Digər risk uşağın süni intellektə həddindən artıq güvənməsidir. Uşaq zamanla suallarının cavabını özü axtarmaq və düşünmək əvəzinə hər şeyi süni intellektdən soruşmağa öyrəşir. Bu isə onun müstəqil düşünmə və problem həll etmə bacarıqlarına təsir göstərir”.
Eşqin Nuruşov
Ekspert bildirib ki, uşaq süni intellektə şəxsi məlumatlarını yazarsa, məxfilik baxımından müəyyən risklərin yaranması mümkündür:
“Xüsusilə ailə, məktəb, ünvan, telefon və digər şəxsi məlumatların paylaşılmasına diqqət edilməlidir. Uşaqlar AI ilə uzun müddət ünsiyyətdə olduqda real insanlarla ünsiyyətdən uzaqlaşmaq riski də nəzərə alınmalıdır. Buna görə məsələ yalnız yaş məhdudiyyəti ilə həll olunmamalıdır. Valideyn nəzarəti və uşağın bu alətlərdən necə istifadə etməsi barədə maarifləndirilməsi də vacibdir. Məncə, uşaqlar üçün xüsusi təhlükəsizlik filtrləri olan AI xidmətlərinin yaradılması daha düzgün yanaşmadır. Burada əsas məqsəd uşağın süni intellektdən tam uzaqlaşdırılması yox, ondan təhlükəsiz və düzgün istifadə etməsinin təmin edilməsidir”.
Ləman İmran
Globalinfo.az



