Azərbaycan İslam dünyasının ayrılmaz parçası kimi müsəlman ölkələri ilə əlaqələrin genişləndirilməsinə, İslam həmrəyliyinin möhkəmləndirilməsinə və ortaq mədəni-mənəvi irsin qorunmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin İCESCO və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri ilə görüşü də Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin növbəti təzahürüdür.
Globalinfo.az-a danışan Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib ki, Azərbaycan əsrlər boyu formalaşmış zəngin tarixi, milli-mənəvi dəyərləri və mədəni irsi ilə seçilir:
“Ölkəmizin coğrafi mövqeyi, tarixi inkişaf yolu və müxtəlif mədəniyyətlərlə qarşılıqlı əlaqələri Azərbaycanı Şərq və Qərb sivilizasiyaları arasında mühüm mədəni körpüyə çevirib. İslam dini Azərbaycan xalqının mənəvi dünyasının, adət-ənənələrinin, incəsənətinin, memarlığının və ictimai həyatının formalaşmasında əhəmiyyətli rol oynayıb. Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, həm də ortaq tarixi yaddaşın, mənəvi bağlılığın və mədəni irsin qorunması kimi vacib istiqamətləri əhatə edir. Azərbaycanın İslam dünyası ilə əməkdaşlığında üzv dövlətlər arasında siyasi, iqtisadi, elmi və humanitar əlaqələrin inkişafına töhfə verən beynəlxalq platforma kimi İƏT, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən ICESCO xüsusi yer tutur. Bu təşkilatlarla əməkdaşlıq Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına, ortaq dəyərlərin qorunmasına və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir”.
M.Qasımlı bildirib ki, Prezidentin ICESCO və İƏT baş katiblərini qəbul etməsi Azərbaycan dövlətinin İslam dünyası ilə əlaqələrin inkişafına, müsəlman ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və ortaq mədəni-mənəvi dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verdiyini bir daha göstərir:
“Bu, Azərbaycanın İslam ölkələri ilə qarşılıqlı hörmətə, etimada, həmrəyliyə və ortaq maraqlara əsaslanan əlaqələrinin genişləndirilməsinə yönəlmiş siyasətinin mühüm tərkib hissəsidir. Belə təmaslar mədəniyyət, təhsil, elm, humanitar əməkdaşlıq və tarixi irsin mühafizəsi sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar açır. ICESCO və İƏT rəhbərləri ilə görüşlər Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafında mədəni-humanitar əməkdaşlığın əhəmiyyətini bir daha gündəmə gətirir. Tarixi abidələrin qorunması, dini-mədəni irsin bərpası, beynəlxalq humanitar layihələrdə iştirak və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqi bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın bu sahədə həyata keçirdiyi təşəbbüslər ölkənin zəngin mədəni irsinin tanıdılmasına və ortaq mənəvi dəyərlərin yaşadılmasına imkan yaradır. Bu fəaliyyətlərin davamlılığı isə yalnız milli irsin qorunması baxımından deyil, həm də xalqlar arasında sülhün, qarşılıqlı hörmətin, həmrəyliyin və əmin-amanlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir”.
Musa Qasımlı
Musa Qasımlı vurğulayıb ki, tarixi-mədəni irsin qorunması istiqamətindəki fəaliyyətlərdə Heydər Əliyev Fondunun böyük rolu var:
“Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bir sıra layihələr, o cümlədən mədəniyyət nümunələrinin bərpası, tarixi abidələrin qorunması və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği bu sahədə mühüm təşəbbüslərdəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın mədəni irsin qorunması və digər humanitar təşəbbüslərin təşviqi ilə bağlı fəaliyyəti müxtəlif beynəlxalq layihələr çərçivəsində əhəmiyyətlidir. Bu təşəbbüslər mədəni irsin yalnız keçmişdən qalan tarixi irs deyil, həm də gələcək nəsillərə ötürülməli olan sərvət kimi qorunmasının vacibliyini ön plana çıxarır. Ölkəmizin ərazisində yerləşən məscidlərin, türbələrin, dini-memarlıq abidələrinin və digər tarixi məkanların qorunması xalqımızın mənəvi köklərinə bağlılığının göstəricisidir. Bu abidələr xalqımızın dini inancını, memarlıq ənənələrini və tarixi inkişaf mərhələlərini özündə əks etdirir. Onların bərpası və mühafizəsi yalnız dini əhəmiyyət daşımır, eyni zamanda, tarixi yaddaşın yaşadılmasına və mədəni turizmin inkişafına da töhfə verir”.
Sədr müavini qeyd edib ki, mədəni irsin qorunması sahəsində Azərbaycanın fəaliyyəti təkcə ölkə hüdudları ilə məhdudlaşmır:
“Müxtəlif ölkələrdə yerləşən tarixi və dini abidələrin bərpasına dəstək verilməsi, beynəlxalq mədəni layihələrdə iştirak və humanitar təşəbbüslərin həyata keçirilməsi mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə imkan yaradır. İslam dini sülh, mərhəmət, ədalət, xeyirxahlıq və insanlar arasında qarşılıqlı ehtiram kimi dəyərləri ön plana çəkir. Bu dəyərlərin düzgün anlaşılması və beynəlxalq ictimaiyyətə çatdırılması müasir dövrdə xüsusi aktuallıq kəsb edir. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı İslamın zəngin maddi və mənəvi irsinin tanıdılması, dini dözümlülüyün təşviqi və müxtəlif mədəniyyətlər arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyətlidir. Heydər Əliyev Fondunun təşəbbüsləri dinlər və xalqlar arasında anlaşmanın möhkəmlənməsinə, ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizəyə, eləcə də birgəyaşayış qaydalarının təşviqinə töhfə verir”.
Zaira Akifqızı
Globalinfo.az

.jpg)


.jpg)